Son zamanlar şagirdlərin sinif otaqlarında qeyri-etik və biabırçı hərəkətləri əksini tapan görüntülər sosial şəbəklərdə yayımlanır. Təbii ki, bu görüntülərə baxandan sonra uşaqların tərbiyəsi məsələsi bir daha diqqət çəkir.
Uşaqların düzgün tərbiyə edilməsinə kim nəzarət etməlidir? Onları şiddət göstərmədən necə tərbiyələndirmək olar?
Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, şagirdlərin belə hərəkətləri destruktiv davranış adlanır: “Əslində bu, şiddət görən uşaqlarda da belə olur. Şiddət görən uşaq daha zəif, aciz insan görəndə onun üzərində öz hökmranlığını göstərməyə başlayır. Çünki o özü şiddət görəndə, təsirə əks təsir yaranır və aldığı şiddəti kiməsə ötürməyə çalışır. Nəticə etibarilə o da özünün gücü çatdığı insana şiddət göstərir”. Baş verənlərə görə müəllimə töhmət verilməsini düzgün saymayan E.Əkbərin sözlərinə görə, müəllimə töhmət verməmişdən öncə, ordakı işlər düzgün qurulmalıdır: “O məktəbin direktoru, psixoloqu hara baxır ki, siniflərdə bu “hoqqalar” baş verir. Əlbəttə ki, ən əsası da ailə ciddi məsuliyyətə cəlb olunmalıdır. İndidən bilmək lazımdır ki, bu uşağın sabahı daha böyük cinayətlərə yol aça bilər. Bu, böyük bir ehtimaldır. Ona görə də o uşağın şəxsi işində də töhmət olmalıdır ki, hər yerdə bunu bilsinlər”.
Psixoloq bildirib ki, bu kimi məktəblərdə xüsusi təlimlər keçirilməlidir: “Hesab edirəm ki, bir çox təhsil müəssisəsində belə hadisələr baş verir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda psixoloji iş yox vəziyyətindədir, öz yerini tapmayıb. Gəlin, biz nəticənin davasını etməyək, səbəbə baxaq. Bu gün burda olur, sabah o biri yerdə... Ona görə də ailələrlə, müəllimlərlə, valideynlərlə iş aparılmalı, onlara xüsusi təlimlər keçirilməlidir. Qeyd etdiyim təlimlər keçirilmir deyə, biz acınacaqlı vəziyyətlərlə üz-üzə qalırıq. Ya müəllim uşağı, ya uşaq müəllimi döyür, intiharlar, bıçaqlanma hadisələri baş verir”. Onun sözlərinə görə, bunların hamısı ilk növbədə psixologiyanın, psixoterapiyanın olmamağından irəli gəlir. Yalandan elə zəifi, acizi cəzalandırıb, üstündən keçmək Azərbaycanda problemləri daha çox böyüdən səbəblərdən biridir. Yazıq müəllimələr... “Döyülən də müəllim, töhmət alan da? Düzdür, pedaqoqun xüsusi pedaqoji qabiliyyəti olmalıdır. Amma bunu da ona təlimlərdə psixoloqlar öyrətməlidir. Bəzən də görürsən ki, hansısa ailələr, valideynlər “qoçu”luq edib vəziyyəti bu yerə çatdırırlar. Hansı ki, bu tip valideynlərdən direktor da çəkinir. Necə etmək lazımdır? Uşağa düzgün tərbiyə vermək lazımdır. Uşağın tərbiyə metodundan günlərlə, aylarla danışmaq olar. Uşaq ana bətnindən tərbiyə olunur”.
E.Əkbər deyir ki, ya uşaqlar evdə şiddət görəndə, sevgi, qayğı görməyəndə, ya da tamam əksi, nənə, baba tərəfindən ərköyünləşdiriləndə belə hallar baş verir. “Görürsünüz, bir-birinə tam zidd davranış eyni nəticəyə gətirib çıxarır. Yəni bu, böyük bir şeydir. Azərbaycanda psixoterapiyada böyük bir boşluq var. Hətta ölkəmizdə həkim-psixoterapevt ixtisası ləğv edilib. Budurmu bizim inkişafımız? Niyə Azərbaycanda tibbin digər sahələri gözəl inkişaf edir, amma psixologiya, psixoterapiyaya qarşı birmənalı münasibət yoxdur?”
Psixoloq qeyd edib ki, insanlar artıq dərk etməlidir ki, psixologiya elmi çıxış yolunu nədə göstərir: “Azərbaycanın gələcəyi və hətta bu günü böyük təhlükə altındadı. Nə qədər ki, psixologiya, psixoterapiya, klinik psixologiya, loqoterapiya, psixolo-analiz, neyro-psixologiya yerini tutmayacaq, bizim cəmiyyət də belə burulğanlar içində batıb gedəcək. Hər bir sahəyə doğru davranış təlimləri keçirilməlidir. Bundan əlavə hər bir müəssisədə işçi sayı nəzərə alınaraq psixoloq olmalıdır”.
Nuranə Daxilqızı
















