• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

SİYASƏT

16 Noyabr 2025 | 17:55

Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

Noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın da tamhüquqlu əsasda qoşulduğu yeni formatda əməkdaşlığın perspektivləri açıqlanıb.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasa sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında qeyd edib: “ Bu gün Mərkəzi Asiya dinamik inkişaf və səmərəli əməkdaşlıq məkanıdır, burada davamlı artım və rifah üçün yeni imkanlar açılır. Region sürətlə qlobal iqtisadiyyata inteqrasiya olunur: investisiya cəlbediciliyi artır, üçüncü ölkə bazarlarına ixrac imkanları və tranzit potensialı genişlənir. Ötən il region ölkələri arasında qarşılıqlı ticarət 10,7 milyard dollara çatıb və Mərkəzi Asiyaya ümumi investisiyanın həcmi 17 faiz artıb”.

İclasda, ilk növbədə, mövcud görüşlərin regional dialoqun məşvərət formatından strateji “Mərkəzi Asiya Birliyi formatına çevrilməsi təklif edilib. Vurğulanıb ki, bu istiqamətdə ilk addımlar Məşvərət görüşləri haqqında Əsasnamənin hazırlanması, rotasiyalı Katibliyin yaradılması və milli koordinatorların prezidentlərin nümayəndələri səviyyəsinə yüksəldilməsi ola bilər.

Özbəkistan Prezidenti geniş həyat təcrübəsi olan nüfuzlu ictimai xadimlərdən ibarət Ağsaqqallar Şurasının yaradılması təklifini dəstəkləyib. O qeyd edib ki, bu, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə, regional həmrəyliyin və milli kimliyin gücləndirilməsinə kömək edəcək.

Şavkat Mirziyoyev ortamüddətli dövrdə qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artıracaq ticarət, iqtisadi və investisiya əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə çatdırmağı prioritet məsələ kimi xarakterizə edib. O, həmçinin inzibati maneələrin aradan qaldırılması, vergi və gömrük prosedurlarının sadələşdirilməsi, azad iqtisadi və sənaye zonalarından birgə istifadənin vacibliyini vurğulayıb.

“Fikrimizcə, yuxarıda qeyd olunan məsələləri əhatə edən 2035-ci ilə qədər Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hərtərəfli Regional Proqramın hazırlanması və qəbul edilməsi ticarət həcmlərinin əhəmiyyətli dərəcədə artması üçün əlverişli şərait yaradacaq”, - deyə dövlət başçısı bildirib.

Prezident Mirziyoyev bildirib ki, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, terrorizm və ekstremizm təhdidlərinə, sərhədyanı cinayətkarlığa qarşı mübarizə üçün sistemli tədbirlər görülür. Regionun beynəlxalq rolu güclənir və qlobal məsələlərdə rolu genişlənir, “Mərkəzi Asiya +” formatında qarşılıqlı fəaliyyət güclənir və region nüfuzlu beynəlxalq forumlarda vahid mövqedən çıxış edir.

Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal birlikdə səsinin daha da əhəmiyyətli olacağına əminlik ifadə edilib.

Qeyd olunub ki, Özbəkistanın sədrliyi dövründə 20-dən çox böyük tədbir keçirilib. Baş nazirlərin müavinləri səviyyəsində Regionlararası Əməkdaşlıq Forumu fəaliyyətə başlayıb, ilk dəfə olaraq müdafiə nazirləri, xüsusi xidmət rəhbərləri, geologiya, sənaye, kənd təsərrüfatı, ekologiya və mədəniyyət nazirlərinin görüşləri keçirilib. Bir gün əvvəl Daşkənddə Mərkəzi Asiya Qadın Liderlərinin Dialoqu uğurla başa çatıb. Bütün bu tədbirlərin regional tərəfdaşlığın institusional əsaslarının və mexanizmlərinin sistemli şəkildə möhkəmləndirilməsini əyani şəkildə nümayiş etdirdiyi bildirilib.

Eyni zamanda, vurğulanıb ki, mürəkkəb və gözlənilməz beynəlxalq siyasi proseslər fonunda region ölkələrinin birliyini və qarşılıqlı dəstəyini gücləndirmək xüsusilə vacibdir.

İclasda regional əməkdaşlığı daha da gücləndirmək üçün bir sıra təşəbbüslər irəli sürülüb. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun və Trans-Əfqan Nəqliyyat Dəhlizinin tikintisi regionlararası nəqliyyat əlaqəsi üçün prioritet layihələr kimi müəyyən edilib. Diqqət regionu Avropa ölkələri ilə birləşdirən Trans-Xəzər marşrutunun əhəmiyyətli potensialına yönəldilib. Bu sahələrdə işləri əlaqələndirmək üçün baş nazirlərin müavinləri səviyyəsində İnfrastruktur İnkişaf Şurasının yaradılması təklif edilib. Regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kontekstində sammitdə qəbul edilmiş sənədlər - Regional Təhlükəsizlik və Sabitlik Konsepsiyası və Risklər və Təhdidlər Kataloqu yüksək qiymətləndirilib.

Region ölkələrində ətraf mühit, iqlim və su ehtiyatları çatışmazlığı məsələlərinin artan aktuallığı fonunda Mərkəzi Asiya üçün Yaşıl İnkişaf Konsepsiyasının qəbulunun sürətləndirilməsinin vacibliyi qeyd edilib. Regionda artan su çatışmazlığı nəzərə alınmaqla, 2026-2036-cı illərin "Mərkəzi Asiyada rasional su istifadəsi üçün praktik Fəaliyyət Onilliyi" elan edilməsi təklif olunub.

Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin gənclərin elmi və mənəvi maariflənməsi üçün faydalı platformaya çevriləcəyinə ümid ifadə olunub. Eyni zamanda, Daşkənddə Beynəlxalq Mənəvi İrs və Təhsil Konqresinin müntəzəm olaraq keçirilməsi məqsədəuyğun hesab edilib.

Elm və təhsil sahələrində əməkdaşlığın bir hissəsi olaraq hökumətlərarası layihələri maliyyələşdirmək, akademik icmanı təşviq etmək və süni intellekt texnologiyalarının tətbiqi imkanlarını genişləndirmək məqsədilə Elmi Tədqiqat Fondunun yaradılması təklif olunub.


SON XƏBƏRLƏR

15 Noyabr 2025