• Bakı 14° C

    13.2 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Mübahisəli ərazilər qaldıqca yeni savaş təhlükəsi həmişə olacaq - AÇIQLAMA

SİYASƏT

24 Aprel 2024 | 15:53

Mübahisəli ərazilər qaldıqca yeni savaş təhlükəsi həmişə olacaq - AÇIQLAMA

2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Politoloq Elçin Xalidbəyli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi Cənubi Qafqazda sülhün, sabitliyin və əmin amanlığın təmin edilməsi məsələsində əsas faktordur.

Analitik vurğulayıb ki, iki ölkə arasında mübahisəli ərazilər qaldıqca yeni savaş təhlükəsi həmişə mövcud olacaq:

"Ona görə də indi delimitasiya və demarkasiya prosesinin böyük sürətlə və dəqiqliklə aparılması Azərbaycanla yanaşı Ermənistan üçün də olduqca vacibdir. Ermənistanda da artıq anlayırlar ki, ölkənin təhlükəsizliyinin təminatında delimitasiya prosesi xüsusi rol oynayır. Ermənistan öz sərhədlərinin müəyyən edilməsinə nail olmalıdır. Əks halda savaş təhlükəsi həmişə mövcud olacaq. Nəticədə Ermənistanda çox gözəl bilirlər ki, növbəti savaşın nəticələri necə ola bilər. Ona görə də Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri artıq bu barədə açıqlama verirlər. Delimitasiya prosesinin Ermənistan üçün taleyüklü və həlledici məsələ olduğunu vurğulayırlar. Bu baxımdan hesab etmək olar ki, Paşinyan hakimiyyəti tərəfindən delimitasiya prosesinə hər hansı bir əngəl törədilməyəcək".

Lakin ekspert vurğulayıb ki, ümumiyyətlə götürdükdə Ermənistanda delimitasiya prosesinə əngəl törətmək istəyən kifayət qədər qüvvələr mövcuddur:

"Həmin qüvvələrin başında terrorçu qruplaşmalar dayanır. Xüsusilə də kilsə və Daşnaksütun Partiyası Azərbaycan və Ermənistan arasında hər hansı müsbət nəticələrin əldə olunmasına bütün vasitələrlə əngəl törətməyə çalışır. Son hadisələr də onu göstərir ki, keşişlər, yəni kilsənin göndərdiyi keşişlər və bəzi terrorçu qruplaşmaların təmsilçiləri hazırda sərhəd bölgəsində gərginliyin artırılması üçün əllərindən gələn hər şeyi edirlər. Bu baxımdan Paşinyan hakimiyyəti delimitasiya prosesinə əngəllərin törədilməməsi üçün ilk növbədə kilsənin və terrorçu qruplaşmaların qarşısını almaq məcburiyyətindədir".

Elçin Xalidbəyli:Ermənistanda delimitasiya prosesinə əngəl törətmək istəyən kifayət qədər qüvvələr mövcuddur

E.Xalidbəyli qeyd edib ki, Ermənistanın daxilində də müəyyən problemlər yarana bilər:

"O ki qaldı sərhədlərin hansı bəyannamə üzrə müəyyənləşdirilməsinə, hələlik məlum olan ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Alma Atı bəyannaməsini əsas götürmək məsələsində razılaşmaq üzrədir. Amma bunun da yekun olacağı tam məlum deyil. Çünki sərhədlərin delimitasiyası ilə bağlı xəritələrin müəyyən edilməsi olduqca vacib məsələdir. Hələlik hansı xəritələr üzrə delimitasiya prosesinin aparılacağı barədə rəsmi açıqlama mövcud deyil. Yəqin, bu, hələlik araşdırma mərhələsindədir və yaxın vaxtlarda delimitasiya prosesi daha da intensivləşcək. Məlum olacaq ki, Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya prosesində hansı xəritələrdən istifadə etmək qərarına gəliblər".

Aydın Baxış


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024