• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Müəllimlər Günü: “Ənənə” niyə pozulmur? Günahkarlar...

CƏMİYYƏT

04 Oktyabr 2023 | 12:36 | Müəllif: Qalib İbrahimoğlu

Müəllimlər Günü: “Ənənə” niyə pozulmur? Günahkarlar...

Hazırda dünyanın 100-dən çox ölkəsində 5 oktyabr "Müəllimlər günü" kimi qeyd edilir. Bu bayram 1994-cü il 5 oktyabrdan YUNESKO tərəfindən Ümumdünya "Müəllimlər Günü" kimi təsis edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur. Ancaq Azərbaycanın təhsil ocaqlarında bu gün tamam başqa formada qeyd olunur. Belə ki, valideynlər müəllimləri bu gün münasibətilə hədiyyələrlə təbrik edirlər. Hətta bunun üçün sentyabrın sonundan xüsusi hazırlıqlar başlayır, valideynlər arasında pul yığılır.

Bu il də “ənənə” pozulmayıb. Belə ki, artıq əksər məktəblərdə müəllimlər günü ilə bağlı pul yığılıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, hər il Elm və Təhsil Nazirliyi orta məktəblərdə ciddi mübarizə aparsa da,  Müəllimlər günü öncəsi pul yığılır. Bu proses hər il bir çox məktəblərdə baş verir: "Oktyabrın ilk həftəsi Valideyn Komitəsinin sinif rəhbəri üçün yığdığı pullar və s. kimi xoşagəlməz proses ictimaiyyətdə ikrah oyadırdı".

Müsahibimizin fikrincə, maraqlı məqam odur ki, bu bayramların obyekti daha çox xanım müəllimlər olur: "Diqqəti çəkən odur ki, əvvəllər məktəblərdə əlamətdar günlərlə bağlı pulu direktor, müavini, sinif rəhbəri və ya müəllimlər yığırdısa, indi bunu Müəllim-Valideyn Komitəsi edir. Əminliklə deyə bilərəm ki, orta məktəblərdə direktorun icazəsi olmadan pul yığıla bilməz".

Ekspert bildirir ki, əlbəttə, cəmiyyət onu dünyaya gətirənə, ona elm öyrədənə təşəkkür etməlidir, onu təbrik etməlidir. Amma bu, heç də kütləvi şəkildə, məcburi qaydada pul yığımı ilə həyata keçrilməməlidir: "Bayramlar münasibəti ilə artıq son illər məktəblərdə normal tədbirlər keçirilmir. Ssenarilər yazılmır. Ssenari eynidir, ancaq pul yığılması. Amma Rusiyada, Gürcüstanda bununla bağlı xüsusi ssenarilər yazılır, məktəblərin özfəaliyyət dərnəkləri xüsusi proqramlar nümayiş etdirirlər. Gürcüstanda heç bir əlamətdar gündə şagirdlərdən pul yığıla bilməz. hətta valideyinlər istəsələr belə, bunu edə bilməzlər. Müəllimlərin özü buna imkan verməz”.

Kamran Əsədov xüsusilə vurğulayıb ki, bizdə aşağı əmək haqqını bəhanə edib müəllimlər hər bayram günü gözlərini şagirdlərin əllərinə dikirlər. Pul verməyən şagirdə qarşı isə çox pis münasibət olur. Ona psixoloji təzyiq edirlər.

Hüquqşünas Tural Həsənli Bakıvaxtı.az-a deyib ki,  şagirdlərdən pul yığılması, tələb edilməsi hallarının şahidi oluruq. Bəzən valideynlərin və müəllimlərin ümumi qoşulduğu “WhatApp” qruplarında onlardan müxtəlif məsələlərlə bağlı pul tələb edilməsi, pul yığılması ilə bağlı məlumatların yayılması da heç də yad mövzu deyil: "İlk növbədə nəzərə almaq lazımdır ki, bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Bu məsələyə müxtəlif aspektdən yanaşmaq olar. Ən aktual aspektlərdən biri valideynin öz uşağının nadincliyi və ya təhsilə ötəri yanaşması ilə bağlı, digəri valideynin başqa valideynlərdən kənar qalmamaq kimi “hamı necə, mən də elə”, yaxud da “palaza bürün, elnən sürün“ ideyası ilə bağlı, digəri isə “əgər bu hərəkətdən kənar qalsam, uşağıma qarşı davranışlar dəyişə bilər” düşüncəsi ilə bağlıdır. Hər üç halda bu cür hərəkətlər arzuolunmazdır. O baxımdan ki, könüllü şəkildə həmin “adət”in qorunub saxlanmasına, dayanıqlığına gətirib çıxarır. Ağır nəticəsini isə maddi baxımdan aztəminatlı ailələr hiss edir. Bəzən də valideyn özü könüllü şəkildə həmin hərəkətə yol verir ki, “buyur, bu şirinliyi götür, amma şərait yarat uşağım oxumasın”. Göründüyü kimi, pul da əldən çıxdı, şagirdin də təhsil almasına maneə yarandı. Nəzərə almaq lazımdır ki, təhsil hər kəsin uğurlu gələcəyinin yoludur, buna görə də, zərərli “adətlər”ə şərait yaratmaq və buna riayət etmək təbii ki, qəbuledilməzdir".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR