Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Onun üzərindən 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.
C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.