Azərbaycanda boşanmaların sayı artmaqdadır. Statistik rəqəmlər onu göstərir ki, qurulan hər 3 nikahdan 1-i pozulmaqdadır. Boşanmalara səbəb nədir və bu problemin qarşısını necə almaq olar?
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Bakıvaxtı.az-a bildirib ki, boşanmalara səbəb olan əsas amil ailə münaqişələrdir və bu münaqişələrə səbəb psixoloji və fiziki zorakılıqlardır: "Əgər iki insan arasında dəyər və mentalitet fərqləri varsa, bunu zorakılıqla deyil, psixoloqa müraciət etməklə çözmək olar. Ümumiyyətlə, ailəyə yanaşma dəyişməlidir. Yəni, ailə qurmamışdan əvvəl gənclər üçün müəyyən zaman ayrılmalı və qətiyyən tələsik nikahların qurulmasına dəstək verilməməlidir. Çünki bu tələsik qərarlar müəyyən münaqişələrə, zorakılığa və daha neqativ fenomenlərə gətirib çıxara bilər".
Ş.İsmayıl bildirib ki, əgər ailədə zorakılıq varsa, əsla boşanmanı neqativ hal kimi təqdim etmək olmaz: "Qadın zorakılığa məruz qalırsa, "dözməliyəm" deyib oturmamalıdır. Çünki o, belə olduğu halda, həmişə qapazaltı olacaq. Bu kimi hallarda boşanma doğru seçimdir”.
Onun sözlərinə görə, ailələr bəzən boşanmanı pis və ayıb bir iş kimi təqdim edirlər: “Əsasən də qızların boşanmasına bizim cəmiyyətdə normal baxılmır. Hətta ailələr var ki, deyir boşansan, mənim evimə gəlməyi belə düşünmə. Qeyd edim ki, hətta bəzi rayonlarda qız evdən gəlin köçəndə ailəsi ona deyir ki, “döyülsən də, söyülsən də, meyitin gəlsin üstümə, amma ayrılmaq əsla olmaz”. Təəssüf ki, Azərbaycanda biz bu kimi fenomenlərlə üz-üzəyik".
Müsahibimiz təəssüflə qeyd edir ki, boşanmaların sayını bu yollarla azaltmaq doğru deyil: "Bu məsələyə kompleks yanaşmaq lazımdır. İnsanlarda ünsiyyət bacarıqları inkişaf etdirilməlidir. Məktəb yaşlarından oğlan və qızlara məsuliyyətli qərar verməyi, ünsiyyət bacarığını, münaqişələri danışaraq həll etməyi öyrətmək lazımdır".
Nuranə Daxilqızı
















