• Bakı 29° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

“Qaqaşlığın yeni simasi: Siqnal, Söyüş və Salamlar! - Turan Etibaroğlu yazır
YAZARLAR
01 Avqust 2025 | 11:12

“Qaqaşlığ"ın yeni simasi: Siqnal, Söyüş və Salamlar! - Turan Etibaroğlu yazır

Turan Etibaroğlu

“Gizli profillər, küçə zarafatları və “kontent” adı ilə yayılan utanc: Azərbaycan gənci hansı tərəfə gedir?”

Sosial şəbəkədə tanımadığımız biri bir paylaşımın altına rəy yazır. Adı “Qaqaş_1999”, ya da “Səssiz_Əjdaha”. Profil şəklində hansısa avtomobil və ya məşhur reperin surəti var. Yazdığı isə tənqid deyil, tövsiyə deyil, əxlaqdan, mədəniyyətdən isə əsər-əlamət yoxdur.

Bu anonim “şəxsiyyətlər” gündə neçə insanı təhqir edir, neçə nəfəri haqsız yerə hədəfə çevirir, xəbərləri montajlayıb söyüşlə “kontent” düzəldirlər. Onlar üçün ekranın o tayında kiminsə həyatının pozulması, ruhunun incinməsi heç bir anlam daşımır.

Halbuki bir insanın üzünə baxa-baxa deyə bilməyəcəyin sözü yazmaq, sənə cəsarət qazandırmaz. Sadəcə insanlığını azaldar.

Yolda bir maşın manevr edir, qaydaya tam əməl edir, heç kimə mane olmur. Amma arxada dayanan sürücü “mədəni” siqnalla öz emosiyasını bildirir. Elə bil sükan arxasında oturan kimi hər kəsə “hakimlik” səlahiyyəti verilir. Sürücü həm hakimdir, həm prokuror, həm də dilinin sahibi deyil.

Təəssüf ki, bu aqressiya yalnız yolda və ya sosial mediada deyil. Parklarda, kafelərdə, universitetlərin həyətlərində də özünü göstərir. Üç-dörd gənc bir yerə toplaşıb, söyüşü zarafat sayır. Yanlarından keçən ailəyə, uşağa, qadına qarşı nə sayğı var, nə də utanc hissi. Bütün mədəniyyət sanki TikTokun 15 saniyəsinə sığışıb.

Və daha acınacaqlısı: şəhərdə gəzən bir turist görəndə gənclərin bəziləri onu ələ salır, söyür, videoya çəkir, sonra paylaşır:

“Mahmud sən c....  ,

“Filan rayona salam.. ”,

Və sonda “Like atmağı unutma”…

Bir milləti tanıtmaq üçün səfirə ehtiyac yoxdur, çünki onun xalqı bu işi daha sürətli görür - ya üzü ağ edir, ya da tam əksinə.

Əvvəllər “söz adamı” anlayışı vardı. Danışığı ilə, ədası ilə, tərbiyəsi ilə seçilirdi insan. İndi isə “sözsüz adamlar” çoxalıb - onların sözü yoxdur, sadəcə söyüşü var. Fikirləri yoxdur, sadəcə ironiya, sarkazm və təhqirlə bəzədilmiş boşluqları var. Onlar güzgüyə baxmadan başqalarının üzünü güya “açırlar”.

Sosial mediada, xüsusilə gənclər arasında bir davranış forması formalaşıb: kim daha çox söyürsə, kim daha çox “dəli” görünürsə, kim daha çox videoya absurd səhnə salırsa - o daha məşhurdur. Populyarlığın qiyməti artıq mədəniyyətdən, etikadan, insani dəyərlərdən keçib.

Amma unudulan bir həqiqət var:

Hansı millət öz dilində söyüşü normaya çevirirsə, orda dil öləndə millət də susur.

Çünki dil yalnız ünsiyyət vasitəsi deyil - düşüncənin, kimliyin, mədəniyyətin daşıyıcısıdır.

Bir gün bir turist, bir müəllim, bir ailə və ya bir uşaq bu cəmiyyətin içindən keçəcək və bir təəssüratla ayrılacaq. Bu təəssürat bizim illərlə qurduğumuz dövlət imicindən, diplomatik əlaqələrdən, beynəlxalq tədbirlərdən daha təsirli ola bilər.

Bəlkə də, bizə indi ən çox lazım olan şey sərt qanunlar yox, daha çox qayğı ilə deyilmiş bir söz, gözəlliklə öyrədilmiş bir tərbiyə, və səssiz, amma dərin bir utanc hissidir.

Sosial şəbəkədə anonimlik arxasında gizlənib hər kəsi söymək qəhrəmanlıq deyil. Əsl qəhrəmanlıq, hamının səsini qaldırdığı yerdə səssizcə ədəb nümayiş etdirməkdir.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

01 Avqust 2025