• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Qarabağın iqtisadi dirçəlişi: Azadlıqdan böyük qayıdışa doğru

İQTİSADİYYAT

27 May 2025 | 13:12

Qarabağın iqtisadi dirçəlişi: Azadlıqdan böyük qayıdışa doğru

Qarabağ əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi, tariximizin, incəsənətimizin və iqtisadi həyatımızın mühüm dayaqlarından biri olmuş müqəddəs torpaqdır. Bu region zəngin təbii sərvətləri, məhsuldar torpaqları və strateji mövqeyi ilə Azərbaycan xalqının həyatında xüsusi yer tutub.

Lakin təəssüf ki, 30 ilə yaxın davam edən Ermənistanın işğalı Qarabağın sosial-iqtisadi sistemini tamamilə sarsıtdı, bölgədə həyat demək olar ki, dayandı, əhalinin böyük əksəriyyəti doğma yurdlarından didərgin düşdü.

2020-ci ildə Azərbaycan xalqının şanlı Vətən müharibəsi nəticəsində qazandığı möhtəşəm Qələbə ilə Qarabağın azadlığı təmin edildi və burada yeni bir tarixi dövr - azadlıq, quruculuq, dirçəliş və inkişaf dövrü başladı. Bu gün Qarabağ təkcə tarixi yaddaşımızın bir hissəsi deyil, həm də Azərbaycanın iqtisadi inkişafının, modernləşməsinin və regionlararası inteqrasiyanın öncül mərkəzlərindən birinə çevrilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti sayəsində Qarabağın yenidən qurulması istiqamətində genişmiqyaslı bərpa və inkişaf layihələri uğurla həyata keçirilir. Dövlət başçısının bölgəyə mütəmadi səfərləri, burada açdığı iqtisadi və sosial obyektlər, yol və enerji infrastrukturu layihələri Qarabağda həyatın bərpasının nə qədər sistemli və məqsədyönlü olduğunu nümayiş etdirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Qarabağ torpaqları Azərbaycan üçün hər zaman sadəcə coğrafi yox, həm də iqtisadi, mədəni və strateji baxımdan mühüm əhəmiyyət daşıyıb. Tarix boyu məhsuldar torpaqları, zəngin təbii sərvətləri, sənətkarlıq və ticarət ənənələri ilə tanınan bu bölgə Azərbaycanın iqtisadi xəritəsində seçilən mövqeyə malik idi. Lakin 30 ilə yaxın davam edən işğal bu tarixi rolu müvəqqəti olaraq zəiflətmişdi. 2020-ci ildə torpaqlarımızın azad olunması ilə yeni bir dövrün təməli qoyuldu, Qarabağda iqtisadi və sosial dirçəlişin əsas mərhələsi başlandı.

Müsahibimiz əlavə edib ki, Qarabağın zəngin iqtisadi potensialı əsrlər boyunca bu bölgənin təkcə kənd təsərrüfatında deyil, eyni zamanda sənaye və ticarət sahələrində də aktiv rol oynamasına səbəb olub. Xüsusilə su ehtiyatları, əkinə yararlı torpaqları və yaylaq sistemləri burada əhalinin dayanıqlı həyat şəraitinin formalaşmasını təmin edirdi. Bu səbəbdən Qarabağ təkcə strateji deyil, həm də iqtisadi baxımdan Azərbaycanın əsas dayaqlarından biri idi:

"1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən həyata keçirilən işğal nəticəsində Qarabağın iqtisadi strukturu demək olar ki, tamamilə dağıdıldı. İstehsalat müəssisələri sıradan çıxarıldı, kənd təsərrüfatı sahələri istifadəsiz qaldı, suvarma sistemləri və nəqliyyat infrastrukturu məhv edildi. Minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin düşərək sosial və iqtisadi çətinliklərlə üzləşdi. Bölgədə həyat dondu, potensial imkanlar isə illərlə istifadəsiz qaldı".

 

 

Asif İbrahimov: Prezident İlham Əliyevin şəxsi nəzarəti və mütəmadi səfərləri prosesə xüsusi dinamika qazandırır

Ekspert əlavə edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbədən sonra dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” strategiyası həyata keçirilməyə başlandı. Bu proqram yalnız əhalinin doğma torpaqlarına qayıdışı deyil, həm də azad olunmuş ərazilərin iqtisadi reabilitasiyasını və inkişafını nəzərdə tutur. Yenidənqurma prosesi kompleks yanaşma ilə aparılır – infrastruktur, yaşayış sahələri, xidmət sektoru və iqtisadi obyektlər eyni vaxtda və koordinasiyalı şəkildə qurulur.

"Qarabağın işğaldan azad olunmuş torpaqları minalarla və partlayıcı sursatlarla çirkləndirilib. Bu isə hər cür bərpa və inkişaf işlərinin başlanması üçün əsas maneələrdən biri idi. Lakin son illərdə aparılan intensiv mina təmizləmə işləri artıq konkret nəticələr verir. Təmizlənən ərazilərdə kənd təsərrüfatı işləri bərpa olunur, yeni yollar salınır, sənaye və istehsal müəssisələri inşa edilir. Bu, əhalinin təhlükəsiz və davamlı şəkildə bölgəyə qayıdışını stimullaşdırır",- deyə A.İbrahimov əlavə edib.

Həmsöhbətimiz onu da deyib ki, azad olunan ərazilərdə bərpa işlərinin miqyası və tempi təsadüfi deyil. Prezident İlham Əliyevin şəxsi nəzarəti və mütəmadi səfərləri prosesə xüsusi dinamika qazandırır. Son günlərdə dövlət başçısının Qarabağa ardıcıl səfərləri zamanı iqtisadi əhəmiyyətli bir sıra obyektlərin açılışı həyata keçirilib. Bu obyektlər arasında sənaye parkları, su elektrik stansiyaları, kənd təsərrüfatı emalı müəssisələri və yol infrastrukturu layihələri var. Açılan obyektlər təkcə istehsal baxımından deyil, həm də yeni iş yerlərinin yaradılması və yerli əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssis qeyd edib ki, bu gün Qarabağ yalnız torpaqların deyil, həm də iqtisadi imkanların geri qaytarılması prosesini yaşayır. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində azad olunmuş torpaqlar tədricən inkişaf zonalarına çevrilir. Çətinliklər tədricən aradan qalxır, infrastruktur bərpa olunur, əhali geri qayıdır və yeni həyat başlayır. Qarabağ Azərbaycanın iqtisadi xəritəsində yenidən öz layiqli yerini tutur – bu dəfə daha güclü, daha planlı və daha perspektivli şəkildə.

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 May 2025