İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirməyə hazırlaşır.
Bakıvaxtı.az "Mehr News"a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib.
O, təliminin mart ayına qədər keçiriləcəyini qeyd edərək, digər ölkələrin də təlimə qatılmağa dəvət olunduğunu açıqlayıb.
"İran donanmasının hazırkı vəziyyətdə ən mühüm strategiyası İslam quruluşu və İran millətinin mənafeyini və iqtisadi resurslarını qorumaqdır.
İran Ordusunun Hərbi Dəniz Qüvvələri İran İslam Respublikasının gəmiçiliyini qoruyur və təhlükəsizliyi təmin etmək üçün dəstəyə ehtiyacı olan ölkələrə kömək edir".
Qeyd edək ki, bəzi beynəlxalq siyasi mərkəzlər sözügedən təlimi Qərb orbitinə əzələ nümayişi kimi dəyərləndirir.
Vəziyyəti şərh edən analitik Aqşin Kərimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya, Çin və İran hər nə qədər Qərbə qarşı alternativ üçtərəfli formatdakı cəbhə kimi görünməyə çalışsa da, onların strateji məntiqlərindəki zərurətlər başqa şəkilləndirmə yaradır:
“Çünki hər üç ölkənin Qərblə sövdələşmək predmetindəki mövzular var ki, bu da Pekin-Moskva vəTehran strateji yanaşmalarında ortamüddətli və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə sadiqliyi şübhə altına alır. Çünki sövdələşmə kanalları istər-istəməz bir oyunçunun digərinin maraq sahəsinə sirayət etməsini şərtləndirir.
Deməli, üç ölkə yalnız regional və beynəlxalq konyunkturaya adekvat üçtərəfli situativ reaksiya verə bilmək potensiallarını ölçürlər. Ancaq bu ölçülərin uzun müddətə hesablanan üçtərəfli strateji müttəfiqlik səviyyəsinə gəlib çıxacağı şübhə doğurur”.

Aqşin Kərimov, analitik
Onun sözlərinə görə, burada Çin ən ağıllı oyunçudur, o, özünün “qiymətli tənhalığı” ilə dünya hegemoniyasını qurmağa çalışır:
“Çin üçün müttəfiq yoxdur, o, hər an öz işinə yarasa, Rusiyanı da, İranı da rəqiblərinin “ağzına atmaq” sevdasına düşə bilər”.
Aydın Baxış
















