• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bayram süfrəsi: Nəyi necə yeyək ki, sonradan əziyyət çəkməyək? - TÖVSİYƏLƏR

CƏMİYYƏT

19 Mart 2024 | 09:50

Bayram süfrəsi: Nəyi necə yeyək ki, sonradan əziyyət çəkməyək? - TÖVSİYƏLƏR

Bu gün İlaxır çərşənbəni qeyd edirik. Evlərdə Novruzun atributları olan şəkərbura, paxlava, qoğal başda olmaqla cürbəcür şirniyyatlar bişirilib, bayram günü süfrələr çoxlu yeməklərlə bəzənib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu il Novruz bayramı Ramazan ayı ilə üst-üstə düşür. Oruc tutanların saatlarla ac qalıb, axşam birdən-birə bayram süfrəsinə düzülən təamlardan yeməsi onların sağlamlığına necə təsir göstərir?

Bu ərəfələrdə qidalanmada nəyə diqqət etməliyik?

Nərminə Abbasova: Nəfsimizi saxlayıb Novruz bayramında Ramazan ayını əsas tutaraq qida qəbulunu artırmayaq

Bu barədə Bakıvaxtı.az-a danışan terapevt Nərminə Abbasova bildirib ki, Ramazan ayı həm ruhumuzun gözəlləşməsi, həm də orqanizmimizin təmizlənməsi baxımından çox gözəl və vacib aydır.

O Ramazan ayı ilə Novruz bayramının üst-üstə düşməsi zamanı insanların qidalanmasına çox önəm vermələri barədə onlara xəbərdarlıq edib:

“Ramazan ayında insanlar səhərdən axşama qədər ac qalır. Birdən-birə çox yemək, kəskin yeməklər, acılı, yağlı yeməklərə, nisbətən soyuq və qazlı içkilərə sərhəd qoymaq lazımdır. Qidalanma ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Çünki, ac qalan orqanizmi birdən-birə dediyimiz lazımsız qidalarla yükləmək olmaz. Yeməkləri acı, yağlı, duzlu, turşulu və yaxud da miqdarı çox şəkildə qəbul etmək olmaz”.

Terapevt şirniyyatların artıq gündəlik həyatımızda olduğunu, istənilən vaxt onları almaq şansımızın mümkünlüyünü qeyd edərək, nəfsimizi bir az saxlayıb Novruz bayramında Ramazan ayını əsas tutaraq qida qəbulunu artırmamaq lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, çünki şirniyyatların qəbulu karbohidratların miqdarını artıracaq, orqanizmdə şəkərə meyillilik yaradacaq. Orqanizmdə müəyyən dəyişikliklər gedir. Ona görə sovrulmalarda və yaxud da bu yediyimiz qidaların, karbohidratların, yağların, turşuların, duzların, mineralların paylanmasında dəyişikliklər əmələ gəlir:

“Çünki əvvəlcə depolaşmış yağlar, karbohidratlar indi artıq onun qəbulu azaldığı üçün yəni, səhərdən axşama qədər çatışmazlıq olduğu üçün, axşam da çox yeyəndə yüklənmə olacaq və axşam yediyimiz yeməklərin tərkibində olan lazımi maddələrin depolaşması ikiqat artacaq”.

N.Abbasova həmçinin "ac qalırıq, bununla da arıqlayırıq" deyə düşünən insanların yanlış fikirdə olduğunu, əksinə, axşamlar həddi aşılmış şəkildə qida qəbul olunarsa, artıq çəkinin ortaya çıxacağını bildirib:

“Çünki orqanizmimiz bizi başa düşmür ki, biz Ramazan ayındayıq ya Novruz bayramı ərəfəsindəyik. Orqanizmin sağlamlığını nəzərə alaraq qida qəbulunu diqqət mərkəzində saxlamaq vacibdir”.

Rəna Həsənova: Qeyri-sağlam qidalanma mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması ilə nəticələnə bilir

Dietoloq Rəna Həsənova Bakıvaxtı.az-a insanların nəinki bayram günlərində, həmçinin digər günlərdə də düzgün qidalanmasının önəmini vurğulayıb:

Həddindən artıq yemək, eyni zamanda qeyri-sağlam qidalanma mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması ilə nəticələnə bilir. Zülal, yağ, karbohidratlar və lif tərkibli qida qəbulu balanslaşdırılmalıdır. Bişmiş qidaların həzmini sürətləndirən təzə tərəvəz salatlarına üstünlük verilməlidir. Tərkibində çoxlu miqdarda zülal olan qidalar seçərkən, yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Yemək zamanı üçdən artıq çeşiddə yeməyin yeyilməsi tövsüyyə olunmur. Yəni, bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır”.

Dietoloq bayram süfrələrində mayonezin qatıqla dəyişdirilərək, qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz olunmasını tövsiyə etdi. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amilin onların düzgün şəraitdə saxlanılmaması olduğunu qeyd edən Rənə Həsənova, ev şəraitində hazırlanan mayonezdən istifadə edilməsini məsləhət görür.

Su qəbulu ilə bağlı məlumat verən ekspert, mayenin düzgün qəbulunun sağlam qidalanmanın əsas şərtlərindən olduğunu deyib:

“Suyun mütəmadi qəbulu normadan çox yeməyin qarşısını alır. Amma yemək vaxtı və ya yeməkdən dərhal sonra su içmək məsləhət deyil. Yeməkdən 30 dəqiqə əvvəl suyun qəbulu orqanizm üçün faydalıdır. Mədəmiz 3 hissəyə bölünür: bir hissəsi hava, bir hissəsi su, bir hissəsi də yemək”.

Müsahibimiz sonda yeməklərdən dərhal sonra şirniyyat qəbulunun artıq çəkiyə səbəb olduğunu, onun adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməli olduğunu qeyd edib:

“Çalışmaq lazımdır ki, yemək yediyimiz zaman hər şeyə fikir verək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024