Bəzən ata və ya ananın başı telefona qarışır, uşaq ya maşın yoluna çıxır, ya ağacdan yıxılır... Sosial şəbəkələrdə belə videolara çox rast gəlirik. Bu kimi görüntülər təkcə səhlənkarlıq deyil, həm də müasir dövrün, rəqəmsal asılılığın acı nəticələrini göstərir.
Artıq təkcə uşaqlar deyil, böyüklər də smartfon və sosial media aludəçisinə çevrilib. Bu isə ailə münasibətlərinə, valideyn nəzarətinə və uşaqların emosional inkişafına ciddi təsir göstərir.
Rəqəmsal asılılığın ailə dinamikasına təsirindən danışan psixoloq Günay Kəriminin Bakıvaxtı.az-a dediyinə görə, texnologiya dövründə yaşadığımız üçün təəssüf ki, bəzi çətinliklərlə də üzləşirik. Bu proses ailələrə birbaşa təsir edir. Halbuki, sağlam ailə sağlam cəmiyyətin, inkişafın təməlidir. Əfsuslar olsun ki, texnologiya bəzən sağlam ailə münasibətlərini zəiflədir.
Onun sözlərinə görə, bu gün ailələrdə müxtəlif problemlər müşahidə olunur. Valideyn-övlad münasibətlərinin düzgün qurulmaması da bu problemlərin yaranmasına səbəb olur. Ana və atanın övladları ilə kifayət qədər maraqlanmaması bir çox neqativ nəticələrə yol açır:
"Ailə üzvlərinin sosial şəbəkələrə, mobil oyunlara aludə olmasının əsas səbəblərindən biri sərbəstlik və nəzarətsizlikdir. Çünki telefonda nə məhdudiyyət, nə də qadağa hissi var. Hər iki tərəfin – valideynlərin və övladların telefona aludə olması münasibətləri zəiflədir. Ata və ana bir-birilə ünsiyyət qurmur, anlaşmır. Bu isə, yaşından asılı olmayaraq, bütün övladlara mənfi təsir göstərir və ailə bağlılığını zəiflədir”, – deyə psixoloq bildirib.
Günay Kərimi: Hər iki tərəfin elefona aludə olması münasibətləri zəiflədir
O qeyd edir ki, uşaqlar sevgini anadan, güvəni isə atadan alırlar:
“Əgər diqqət etsək, görərik ki, bir çox uşaqlar böyüyəndə atalarının peşəsini seçir. Ata obrazı çox önəmlidir, eyni zamanda ana obrazı da. Onlar bir-birini əvəz edə bilməz. Bu səbəbdən, işdən nə qədər yorğun qayıtsaq da, övladlarımıza vaxt ayırmağı unutmamalıyıq”.
Psixoloq sonda əlavə edib ki, bəzən valideynlər uşaqları sakit tutmaq üçün onlara telefon verir. Halbuki bu yanaşma uşaqları kiçik yaşlarından texnologiyaya aludə edir və onların psixoloji, sosial inkişafına mənfi təsir göstərir.
Bəs bu oyunlar necə asılılıq yaradır?
Məsələ ilə bağlı Bakıvaxtı.az-la danışan informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, hazırda internetdə asılılıq yaradan bir çox istiqamət, proqram və oyunlar mövcuddur.
Oyunlar üzərindən insanlar təkcə vaxtlarını deyil, eyni zamanda pullarını da itirirlər:
“Oyunlar vasitəsilə insanlar həm kiberdələduzluğa məruz qalır, həm də dəyərli vaxtlarını itirirlər”.
Elvin Abbasov: Bu oyunlar təkcə uşaqlara deyil, artıq böyüklərə də təsir edir
Onun sözlərinə görə, elə oyunlar var ki, istifadəçiləri manipulyasiya edir:
“Bəzi oyunlar qadağan edilsə də, yenə də fəaliyyət göstərənlər var. Bu oyunlar təkcə uşaqlara deyil, artıq böyüklərə də təsir edir".
O, hesab edir ki, bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə işləməli, hansı oyun və proqramların zərərli olduğunu araşdırmalı, profilaktik tədbirlər görməlidir.
Nuriyyə Musayeva