2026-cı il qlobal iqtisadiyyat üçün çətin sınaqların ili kimi proqnozlaşdırılır.
Dünya iqtisadiyyatında struktur disproporsionallıqların dərinləşməsi və texnoloji dəyişikliklərin sürətlənməsi, bir çox ölkələrdə inkişaf tempinin yavaşlamasına səbəb ola bilər.
Bu qlobal dalğalanmalar Azərbaycandan da yan keçməyəcək; ölkənin iqtisadiyyatına təsir, həm ixrac potensialı, həm də daxili investisiyaların həcmi üzərindən hiss ediləcək.
Eyni zamanda, bu çağırışlar Azərbaycanın qabaqlayıcı iqtisadi inkişaf mexanizmlərini gücləndirmək, müasir texnologiyalara əsaslanan investisiya strategiyalarını formalaşdırmaq üçün bir fürsət də yaradır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-eksper Aslan Əzimzadə bildirib ki, 2026-cı il struktur böhranın embrional fazasının genişlənmə dövrü kimi qiymətləndirilir:
"Bunun əsas səbəbi yeni yaranmış altıncı texnoloji quruluşun bir sıra problemləri özü ilə gətirməsidir. Bu texnoloji quruluşun aparıcı texnologiyalarından istifadə edə bilən ölkələr iqtisadi inkişafda ciddi üstünlüklər qazanır və xüsusilə mütərəqqi, qabaqlayıcı iqtisadi inkişafa nail olurlar. Lakin bu mütərəqqi texnologiyalardan kənarda qalan ölkələrdə ciddi iqtisadi yavaşlama gözlənilir. Təhlillər göstərir ki, hazırda dünya iqtisadiyyatında baş verən əsas böhran struktur disproporsionallıqdan qaynaqlanır".

Aslan Əzimzadə: Böhranın Azərbaycana təsirləri əhəmiyyətli dərəcədə azaldılmış olacaq
Həmsöhbətimizin sözlərinə görə, təbii ki, bu proses bütün ölkələrə olduğu kimi, Azərbaycana da müəyyən təsir göstərə bilər.
"Lakin bu təsiri minimuma endirmək üçün müasir texnologiyalara əsaslanan mütərəqqi və qabaqlayıcı iqtisadi inkişaf mexanizmi formalaşdırılmalıdır. Bu məqsədlə daxili investisiyaların stimullaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın daxili investisiya potensialı olduqca yüksəkdir və burada bank sektorunun fəal iştirakı zəruridir".
Aslan Əzimzadə diqqətə çatdırıb ki, hazırda əsas kapitala qoyulan investisiyalarda bank sektorunun payı cəmi 2–3 faizdir ki, bu da daxili investisiyaların stimullaşdırılmasında ciddi baryer rolunu oynayır.
Müsahibimiz əlavə edib ki, bank sektorunun əsas kapitala qoyulan investisiyalardakı payının 40–50 faizə çatdırılması təmin edilməlidir:
"Bu isə nəticə etibarilə daxili investisiyaların artımına, bu proses isə mütərəqqi texnologiyaların transferinə səbəb olacaq. Beləliklə, dünya iqtisadiyyatındakı struktur disproporsionallıqdan yaranan böhranın Azərbaycana təsirləri əhəmiyyətli dərəcədə azaldılmış olacaq".
Əli Hüseynov
Bakı 



