"Qəzadan xilas olan sərnişinlərin silahlı yaraları, istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu, radioelektron sistemlərin söndürüldüyü və hava gəmisinin ölümə məhkum edildiyi üçün ölkəmiz günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskanın üzrxahlıq etməsini, təzminat ödəməsini istəyirdi".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Qeyd edib ki, əks halda hər keçən gün müttəfiqliyə zərbə, tarixi qarşıdırma və fitnəkarlıq tərəfdarlarının xeyrinə işləyirdi.
"Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı".
Z.Oruc nəzərə çatdırıb ki, sükanı sona qədər canı ilə qoruyan və 67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəməri bağlayın və yaxşı olacaq”, çağırışını milli şüara çevirən Hökumə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq:
"Lakin xalqımız bilməlidir ki, qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə baş sağlığı verənlərin içində gizləniblər. Azərbaycanın boyundan yuxarı, ambisiyalı və açıq siyasi kurs yürütdüyünü bəhanə edib vurmaq istəyənlər, 2020-ci ildə dövlətimizi Qarabağda Rusiya, İran və beynəlmiləl ordularla toqquşdurmağa çalışanlar təyyarə faciəsinə görə ölkəmizi qarşıdurmaya çəkənlərlə eyni qüvvələrdir".
Mina Mikayılova