Son illərdə Azərbaycanda və dünya miqyasında gənclərin ailə qurma yaşı yüksəlir, nikahların sayı isə azalır.
Bu tendensiya təkcə şəxsi seçimlərlə bağlı deyil, həm də iqtisadi, sosial və mədəni faktorlarla əlaqəlidir. Təhsil səviyyəsinin yüksəlməsi, karyera hədəfləri, maddi sabitliyin təmin olunması və fərdi azadlıq anlayışının güclənməsi gənclərin evlilik qərarlarını gecikdirməsinə səbəb olur.
Eyni zamanda, ailə qurma ilə bağlı gözləntilərin və məsuliyyətlərin artması, sosial-iqtisadi çətinliklər və müasir həyatın sürətli ritmi gəncləri nikahdan çəkindirir.
Belə bir kontekstdə dövlətin ailə institutunu qorumaq və möhkəmləndirmək üçün hansı təşviqləri artırması məsələsi aktuallaşır. Sosial dəstək mexanizmləri, maddi və hüquqi güzəştlər, ailə təhsili və maarifləndirmə proqramları, habelə gənclərin yaşayış və karyera perspektivlərini nəzərə alan strategiyalar ailə qurmaq istəyən gənclərin qərarlarını dəstəkləyə bilər.
Ailə institutunun möhkəmlənməsi üçün dövlət hansı təşviqləri artırmalıdır?

Yusif Nəbiyev: Bizim ailə modellərimiz və dəyərlərimiz fərqlidir, bunlar qorunmalıdır
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Yusif Nəbiyev bildirib ki, ailə və evlilik yaşının yüksəlməsi araşdırılması vacib olan mövzudur:
"Mədəni dəyişmə prosesinin içindəyik, insanlar fərdiyyətçi və praqmatist olduqları üçün “mən” mərkəzli və fərdi azadlığa meyilli düşünürlər. Bu səbəbdən evlilik kimi məhdudlaşdırıcı addımlar gənclərə spektik görünür".
Onun sözlərinə görə, gənclər azadlığa meyillənir, iqtisadi çətinliklər çoxdur, ailə həyatının gözləntiləri isə artır:
"Maddi imkanların yetərsizliyi səbəbindən gənclər ailə qurmaqdan çəkinir. Onlar təhsil və karyera sahəsində müəyyən uğurlara nail olduqdan sonra evlənmək istəyirlər. Bu hədəflərə çatmaq isə illər alır. Əvvəllər 20-25 yaşlı gənc rahatlıqla ailə qura bilirdisə, bu gün həmin imkanlar çox məhduddur".
Həmsöhbətimiz qeyd edib ki, bu məsələdə dövlətin rolu əhəmiyyətlidir:
"İlk növbədə maarifləndirmə tədbirləri həyata keçirilməli, gənclərə ailə və evlilik mövzusunda düzgün anlayışlar aşılamaq üçün effektiv kommunikasiya aparılmalıdır. Dövlət, həmçinin “narrative control” mexanizmlərindən istifadə edərək, fərdiyyətçi və amerikan yönümlü yanaşmaların yayılmasının milli dəyərlərə təsirini izləyə və sorğularla qiymətləndirə bilər. Bizim ailə modellərimiz və dəyərlərimiz fərqlidir, bunlar qorunmalıdır".
Sosioloq sonda deyib ki, maddi və iqtisadi yönlərdə isə dövlət evlənən cütlüklər üçün müəyyən insentivlər təqdim etməlidir:
"Yardımlar verilməli, ipoteka şərtləri sadələşdirilməli və gənclərin maddi yükü azaldılmalıdır. Məsələn, hazırda Türkiyədə evlənən gənclərə 19 min manatlıq yardım göstərilir. Bu kimi təşəbbüslər ailə qurma prosesini daha əlçatan və cazibədar edəcək".

Ayxan Məmmədli: Dövlət ailə və uşaq hüquqları üzrə mərkəzlərlə əməkdaşlığı genişləndirməlidir
Məsələni Bakıvaxtı.az-a hüquqi aspektdən izah edən hüquqşünas Ayxan Məmmədlinin dediyinə görə, gənclərin nikah yaşının yüksəlməsi və ümumilikdə nikahların azalması ailə institutunun möhkəmliyinə ciddi çağırışlar yaradır:
"Hüquqşünaslar bu vəziyyəti həm sosial, həm də hüquqi baxımdan qiymətləndirir. Ailə, cəmiyyətin əsas hüceyrəsi olduğundan, dövlətin bu sahədə aktiv rol oynaması vacibdir. İlk növbədə, gənclərin iqtisadi durumunu yaxşılaşdırmaq məqsədilə stimullaşdırıcı tədbirlər görülməlidir. Məsələn, gənc ailələr üçün vergi güzəştləri nəzərdə tutula bilər. Eyni zamanda, dövlət tərəfindən kredit və ipoteka dəstəyi genişləndirilməlidir. Sosial mənzillərin gənc ailələrə ayrılması da mühüm təşviqdir".
Mütəxəssis söyləyib ki, ailə planlaması və nikahın hüquqi aspektləri ilə bağlı maarifləndirmə proqramları təşkil edilməlidir. Bu, xüsusilə hüquqi bilikləri az olan gənclər üçün faydalıdır. Dövlət nikahdan əvvəl məsləhət xidmətlərini genişləndirməlidir. Həmçinin boşanmanın sosial təsirlərini azaltmaq üçün psixoloji və hüquqi dəstək mexanizmləri möhkəmləndirilməlidir:
"Hüquqşünas baxışından erkən nikahların qarşısının alınması üçün yaş hədləri dəqiqləşdirilməlidir. Dövlət media və sosial platformalarda nikahın əhəmiyyəti barədə məlumat kampaniyaları aparmalıdır. İş yerlərində ailəli gənclərə xüsusi təqaüd və sosial paketlər təqdim edilə bilər. Həmçinin, qadınların əmək bazarına çıxışı təşviq olunmalıdır ki, nikah və karyera arasında balans təmin olunsun. Hüquqi normativlərdə ailənin qorunmasına dair müddəalar daha sərt tətbiq edilməlidir. Dövlət ailə məsləhət mərkəzlərini inkişaf etdirməli və onların fəaliyyətini subsidiyalaşdırmalıdır".
Ayxan Məmmədli onu da diqqətə çatdırıb ki, gənclərin təhsilini və peşə inkişafını dəstəkləyən proqramlar nikah qərarına müsbət təsir göstərir. Sosial təhlükəsizlik sistemləri də gənc ailələrin rifahını artırmalıdır. Nikah və boşanma ilə bağlı prosedurlar sadələşdirilməli və gənclər üçün əlçatan olmalıdır.
"Dövlət həmçinin ailə dəyərlərini qoruyan layihələrə maliyyə dəstəyi verməlidir. Məişət zorakılığı ilə bağlı hüquqi müdafiə mexanizmləri gücləndirilməlidir. Hüquqi maarifləndirmə seminarları universitetlərdə və mərkəzlərdə təşkil olunmalıdır. Sosial paketlərdə uşaqlı ailələr üçün əlavə üstünlüklər nəzərdə tutulmalıdır. Dövlət ailə və uşaq hüquqları üzrə mərkəzlərlə əməkdaşlığı genişləndirməlidir. Nikahın hüquqi qorunması və stimullaşdırılması istiqamətində qanunvericilik təkmilləşdirilməlidir. Bütün bu tədbirlər gənclərin nikaha marağını artıracaq və ailə institutunun möhkəmlənməsinə xidmət edəcək",- Ayxan Məmmədli fikrini yekunlaşdırıb.
Əli Hüseynov
Bakı 




