• Bakı 17° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şair Ramaldanov: “İmtahandan kəsilən abituriyentlərə ordudan bir il möhlət verilsin” - MÜSAHİBƏ

MÜSAHİBƏ

02 Fevral 2024 | 12:57

Şair Ramaldanov: “İmtahandan kəsilən abituriyentlərə ordudan bir il möhlət verilsin” - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən keçirilən iclasında alternativ hərbi xidmət məsələsi gündəmə gətirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, ordumuza çox müasir texnikalar alınır, onu yeni hərbi xidmətə gələn gəncə əmanət etmək olmaz. Yəni bu texnikanın idarə olunması üçün yetişmiş, savadlı kadrlar olmalıdır: “Bizdə də əsgərlik müddəti ali təhsillilər üçün 1 il, digərləri üçün 1 il 6 aydır. Bu müddət o texnikanın öyrənilməsi üçün çox azdır”.
Deputat qeyd edib ki, bizdə pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur: “Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu, həm də iş yeridir”.

Bundan başqa, deputat Elnur Allahverdiyev də alternativ hərbi xidmətə dair təklif səsləndirib. Vurğulayıb ki, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur: “Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar”.

Parlamentdə səslənən təklifləri Bakıvaxtı.az-a dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, hazırkı mərhələdə alternativ hərbi xidmətə keçid etmək mümkündür:

- Ordumuzu professional ordu istiqamətində inkişaf etdiririk. Bu gün döyüş qabiliyyətini təyin edən ixtisasların 70 faizindən yuxarı müddətdən artıq və müqavilə əsasında xidmət edən peşəkarlardır. Belə olan halda əsgər vəzifələrinin yeri getdikcə daralır, onlara böyük ehtiyac qalmır.

Digər tərəfdən, doğrudan da, atıcı silahlar döyüşdə elə də böyük önəm daşımır. Bu silahların sayı çox olduğuna görə əsgər saxlamağa ehtiyac yoxdur. Orduda yeni vasitələr- PUA-lar, robotlar və digər texniki vasitələr tətbiq olunur. Azərbaycan ordusu da müasir silahlarla silahlanır. Orada insan faktoru varsa, həmin işdə yüksək qabiliyyətli, peşəkar mütəxəssis, hərbçi çalışmalıdır. Ona görə də intellektual biliyi olanlar xidmətə cəlb edilməlidir.

Əlbəttə, əsgəri 1 və 1,5 ilə peşəkar mütəxəssisə çevirmək qeyri-mümkündür. Eyni zamanda müasir texnikalar böyük xərclər tələb edir, həmin texnikalarla davranış peşəkar olmalıdır. Döyüş zamanı onu idarə edən şəxslərin qarşısına qoyulan tələblər çoxalır. Eyni zamanda o silahların qiyməti o qədər bahadır ki, onu professional idarə etsə, bu, daha ağlabatan olar, daha ucuz başa gələr. Yenə qeyd edirəm, biz əsgərləri atıcı kimi cəlb edirik, amma onlara elə də böyük ehtiyac duyulmur.

- Atıcı hazırlamaq üçün nə qədər müddət kifayət edir?

- Bunun üçün 1 və ya 1,5 il lazım deyil. Bir hərbçi kimi deyim ki, avtomat silahdan atmaq üçün 2 ay tam bəs edir. 2 ay müddətində əsgər həm atıcı silahdan atmağı öyrənə bilər, həm səngər qazmağı öyrənər, eləcə də əsgər paketinə aid olan bilgiyə sahib ola bilər. Bunun üçün 1 və 1, 5 ilə ehtiyac yoxdur. Gələcəkdə isə professionnalların sayı çoxaldıqca, əsgərlərin sayı azalmağa doğru gedəcək.

- Məktəblərdə hərbi dərslərə olan maraq və diqqəti artırmaqla, gələcək əsgərlərə müəyyən bilgilər vermək olarmı?

- Hesab edirəm ki, məktəblərdə keçirilən hərbi dərslərin keyfiyyəti və maddi texniki bazasını gücləndirməklə hörmətli deputatalar tərəfindən irəli sürülən və beynəlxalq təcrübədən irəli gələn təkliflərin həyata keçirilməsinə nail olmaq olar. Onlar orta məktəblərdə müəyyən bilik və bilgiyə yiyələnirlər, 2 ay da hərbi xidmət keçdikdən sonra artıq silahla davranışı və digər məsələləri mənimsəyirlər.

-  Bir il və ilyarım xidmətin keçilməsini bəzən səfərbərliklə də izah edirlər. Bildirirlər ki, səfərbərlik zamanı onlar tam yetişmiş döyüşçü kimi orduya çağırılmalıdırlar Bu, doğru yanaşmadırmı?

- Düzgün qeyd edirsiniz. Əvvəllər bunu səfərbərliklə çağırılan hərbi vəzifəlilərin hazırlığı ilə izah edirdilər. Söyləyirdilər ki, onlar sabah orduya çağırılanda tapşırıqları yerinə yetirməyə hazır olmalıdırlar. Təcrübə göstərir ki, ordudan ayrılan heyət 3-5 il keçəndən sonra, demək olar ki, xidmət müddəti əldə etdiyi bilgiləri unudur. Onları çağıran zaman yenidən təlim keçmək zərurəti yaranır ki, onlar bilgiləri bərpa etsinlər.

Bu gün artilleriya və digər əsas vəzifələrdə professional heyət istifadə edilir. Sıravi əsgər o peşələrdə xidmət etmir. Orduda xidmət edən əsgərlər əsas vəzifələrdə deyillər. Onlar ya sadəcə atıcı vəzifələrini, ya da artilleriyada mərmidoldurucu funksiya yerinə yetirirlər. Mərmini bir yerdən götürüb topun içərisinə yerləşdirmək üçün böyük biliyə ehtiyac yoxdur. Ancaq artilleriyanın digər ixtisasçıları peşəkarlardır.

- Bəzən ali məktəbə sənəd verən abituriyentlər universitetlərə qəbul oluna bilmirlər və məcbur hərbi xidmətə yollanmalı olurlar, xidmətdən qayıtdıqdan sonra yenidən ali məktəbə hazırlaşmaqdan imtina edirlər. Bu məsələni necə tənzimləmək olar?

- Bəli, doğrudur. Düşünürəm ki, belə abituriyentlərə bir il möhlət verilsə, o, yenidən hazırlaşıb, arzusunu həyata keçirə bilər. Ancaq indi ordu bunu məhdulaşdırır. O gənc əsgər gedir, 1,5 il müddətində oxuduqlarnı unudur, xidmətdən qayıtdıqdan sonra onları bərpə etmək çətin olur.

- Hərbi xidmət müddətinin azaldılması ölkədə gənclər arasında vətənpərvərlik hissinin öləziməsinə yol açmaz ki?

- Əlbəttə, vətənpərvərlik ruhunun yüksək səviyyədə saxlanılması üçün ordu mühüm rol oynayır. Bu məsələ haqqında da ciddi düşünmək lazımdır, mütəmadi olaraq kurslar təşkil olunsa, həmin prosesləri tənzimləyə bilərik. Əsas odur ki, yeniliklərə gedilməlidir. Yəni əsgərin hazırlanmasına il yarım və 1 il lazım deyil. 2 ay müddətində özünü döyüş meydanında idarə edə bilən əsgərlər hazırlaya bilərik. Bu mənada hesab edirəm ki, irəli sürülən təkliflər beynəlxalq təcrübələrə uyğun gəlir.

Beynəlxalq təcrübədən çıxış edib, bildirirəm ki, yeni yanaşmalar heç zaman ordunun keyfiyyətini aşağı salmaz. Əksinə hərbi xidmət müddətini azaltmaqla həm xərcləri azalda bilərik, həm də ordunu daha professionallardan təşkil edə bilərik.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

27 Aprel 2024