Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində yoluxucu xəstəliklərin profilaktikasına yönəlmiş zəruri tədbirlərin planlı şəkildə davam etdirildiyini açıqlayıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Mərkəzin məlumatına görə, hazırda qızılca xəstəliyinə qarşı Milli Peyvənd Təqvimi çərçivəsində planlı immunizasiya həyata keçirilir. Eyni zamanda əvvəlki dövrlərdə peyvənd olunmamış şəxslərin immunizasiyası üçün tibb müəssisələrində bütün lazımi imkanlar mövcuddur.
Qurumdan bildirilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və əsasən payız-qış aylarında müşahidə olunur:
"Hazırda ölkə üzrə xəstəliyin geniş yayılması ilə bağlı heç bir hal qeydə alınmayıb. Profilaktika məqsədilə vətəndaşlara şəxsi gigiyena qaydalarına ciddi riayət etmək və simptomlar yarandıqda dərhal tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur".
Bununla yanaşı, tibb müəssisələri əhali arasında maarifləndirici tədbirləri mütəmadi şəkildə davam etdirir, epidemioloji vəziyyət isə daima nəzarətdə saxlanılır.
Mərkəzin açıqlamasına əsasən, ümumilikdə respublika üzrə infeksion xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.
Aynur Babazadə
Bakı 




