Son illər xaricdə fəaliyyət göstərən bəzi radikal mühacir qrupları və anti-Azərbaycan dairələri beynəlxalq platformaları siyasi təxribat meydanına çevirməyə çalışırlar. Bunu Almaniyada Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş zamanı baş verən hadisə bir daha göstərdi.
Özünü siyasi mühacir kimi təqdim edən şəxsin xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevə ünvanladığı suallar ilk baxışda insan hüquqları mövzusunda dialoq təsiri bağışlasa da, hadisələrin gedişi bunun əvvəlcədən hazırlanmış siyasi şou cəhdi olduğunu ortaya qoydu.
Lakin bu dəfə ssenari gözlənildiyi kimi inkişaf etmədi. Hikmət Hacıyev emosional polemikaya girmədən, cəmi bir neçə dəqiqləşdirici sualla qarşı tərəfin iddialarının mahiyyətini üzə çıxardı. Nardaran hadisələrini əsas gətirərək Azərbaycandan getdiyini bildirən şəxs cavabları ilə həmin hadisələrin mahiyyətinə dair mühüm detalları özü etiraf etmiş oldu. Hikmət Hacıyevin xatırlatdığı kimi, Nardaran hadisələri Azərbaycan dövləti tərəfindən uzun illərdir İranın ölkənin daxili işlərinə müdaxilə cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilir.
Məhz bu məqam hadisənin əsas siyasi mesajına çevrildi. Azərbaycan rəsmiləri söhbəti emosional müstəvidən faktlar müstəvisinə keçirərək göstərdilər ki, ölkənin təhlükəsizliyinə yönəlmiş proseslərə münasibət hüquqi və milli təhlükəsizlik prizmasından formalaşdırılır. Xaricdə təşkil olunan bu cür aksiyalar isə köhnə narrativləri yenidən gündəmə gətirməklə Azərbaycana qarşı mənfi ictimai rəy formalaşdırmağa hesablanır.
Diqqət çəkən digər məqam Azərbaycan nümayəndə heyətinin peşəkar davranışı oldu. Nə Hikmət Hacıyev, nə də Ceyhun Bayramov emosional reaksiyaya yol verdi. Əksinə, səsləndirilən iddialar arqument və suallarla cavablandırıldı. Diplomatiyada ən güclü cavabın emosiyalar deyil, faktlar olduğu bir daha nümayiş etdirildi.
Bu hadisə həm də onu göstərdi ki, Azərbaycan diplomatiyası son illərdə informasiya müharibəsinin xarakterini yaxşı mənimsəyib. Əgər əvvəllər bu tip təxribatlar beynəlxalq mediada birtərəfli təqdim edilirdisə, indi rəsmi Bakı belə cəhdlərə dərhal, əsaslandırılmış və inandırıcı cavab verməyi bacarır. Hikmət Hacıyevin qısa dialoqu sosial mediada geniş müzakirə olunmasının əsas səbəbi də məhz qarşı tərəfin hazırladığı ssenarinin öz arqumentləri ilə zəifləməsi idi.
Son illər İran-Azərbaycan münasibətlərində yaşanan gərginlik, İranın Azərbaycanda dini təsir şəbəkələri yaratmaq cəhdləri və təhlükəsizlik orqanlarının müxtəlif əməliyyatları fonunda Nardaran mövzusunun yenidən gündəmə gətirilməsi təsadüfi görünmür. Bu baxımdan Hikmət Hacıyevin İran amilini xatırlatması yalnız keçmişə istinad deyil, həm də Azərbaycanın milli təhlükəsizliyinə yönələn risklərlə bağlı ardıcıl dövlət mövqeyinin ifadəsi kimi qiymətləndirilə bilər.
Almaniyada baş verən bu hadisə göstərdi ki, beynəlxalq platformalarda Azərbaycana qarşı qurulan informasiya təxribatları əvvəlki kimi nəticə vermir. Faktlara söykənən, soyuqqanlı və peşəkar diplomatik cavablar bu cür cəhdlərin təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldır. Hikmət Hacıyev və Ceyhun Bayramovun nümayiş etdirdiyi mövqe də məhz bu baxımdan diqqət çəkir: emosiyalarla deyil, arqumentlərlə verilən cavab təxribatın əsas təsir gücünü aradan qaldırdı.
Züriyə Qarayeva
Bakı 



