• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Şuşa Forumu beynəlxalq mediada - FOTOLAR

SİYASƏT, MEDİA

21 Iyul 2025 | 16:05

Şuşa Forumu beynəlxalq mediada - FOTOLAR

İşğaldan azad olunmuş Xankəndidə baş tutan və "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunu əhatə edən III Şuşa Qlobal Media Forumu Azərbaycanın geosiyasi gündəmində mühüm hadisələrdən biri kimi yadda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin çıxışı və verdiyi mesajlar dünyanın müxtəlif regionlarında yerləşən media orqanlarında geniş şəkildə işıqlandırıldı. Təkcə Forumun formatı deyil, həm də Prezidentin beynəlxalq münasibətlər, regional əməkdaşlıq və təhlükəsizlik sahələrindəki fikirləri qlobal diqqətə səbəb olub.

Qazaxıstanın "nur.kz", "aikyn.kz", "el.kz" və digər nüfuzlu media resursları Şuşa Forumunu artıq mütəmadi xarakter daşıyan beynəlxalq platforma kimi təqdim edərək Prezident İlham Əliyevin bu istiqamətdəki çağırışlarını və forumun coğrafi əhatəsinin genişləndiyini vurğulayıblar. Xüsusilə Zəngəzur dəhlizinin regional iqtisadi əlaqələr üçün daşıdığı strateji əhəmiyyət və Orta Dəhliz layihəsinin Türk dünyasını daha sıx birləşdirəcəyi barədə fikirlər Orta Asiya auditoriyası tərəfindən maraqla qarşılanıb.

Çinin "Sinxua", "Sina", "163.com" kimi iri media qurumları Prezident İlham Əliyevin Çinlə olan münasibətləri yüksək qiymətləndirməsinə və qarşılıqlı etimadın güclənməsinə geniş yer ayırıblar. Azərbaycan və Çin arasında viza rejiminin qarşılıqlı ləğvi, ticarət dövriyyəsinin artırılması, konteyner qatarlarının hərəkəti və "Bir kəmər, bir yol" təşəbbüsünə Azərbaycanın dəstəyi xüsusi vurğulanıb.

Yaponiya, Vyetnam və Hindistanın aparıcı informasiya mənbələri Prezident Əliyevin Rusiya səmasında vurulan AZAL təyyarəsi ilə bağlı verdiyi bəyanatlara diqqət çəkiblər. Mətbu orqanlar Azərbaycanın beynəlxalq hüquq müstəvisində ədalətə nail olmaq istiqamətində atdığı addımları, Moskvanın susqunluğunu və Bakının cavab tələbini ön plana çıxarıblar. Eyni zamanda, Ermənistan konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması kimi sülh prosesi üçün ön şərtlər ətraflı şərh olunub.

Fransa, İspaniya, Polşa, İtaliya, Rumıniya, Argentina və Çili mətbuat orqanları Azərbaycan ilə Ermənistan arasında mümkün sülh sazişi haqqında Prezident Əliyevin səsləndirdiyi fikirləri geniş işıqlandırıblar. Xüsusilə “paraflanma” və “imzalanma” anlayışlarının fərqləndirilməsi, eləcə də İrəvanın sülh prosesində daha konstruktiv mövqe tutmasının zəruriliyi vurğulanıb. Çili və Argentina media resursları Zəngəzur dəhlizinin regional sabitlik və iqtisadi rifah üçün əhəmiyyətini diqqətə çatdırıblar.

Türkiyənin "Anadolu", "TRT Haber", "NTV" və digər media orqanları forumu qardaş ölkədə geniş şəkildə işıqlandırıb. Prezident Əliyevin Ermənistanın təcrid siyasətinə yönəlmiş tənqidi fikirləri və regional kommunikasiyaların açılmasına çağırışı Türkiyə mediasında əsas başlıqlardan olub.

Ukrayna KİV-ləri Prezident Əliyevin Ukraynaya verdiyi siyasi mesajları, o cümlədən "işğalla heç vaxt barışmamaq" tövsiyəsini xüsusi qabardıblar. Azərbaycanın 1990-cı illərdə üzləşdiyi sosial-iqtisadi çətinliklər fonunda ərazi bütövlüyünü bərpa etməsi Ukrayna üçün nümunə kimi təqdim olunub.

Rusiya mətbuatında – "TASS", "RİA Novosti", "İnterfaks", "Lenta.ru" və digərlərində əsas diqqət Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəməyə müraciət hazırlığına yönəlib. Prezidentin sözlərinə görə, hadisənin tanınması, təqsirkarların məsuliyyətə cəlb olunması və zərərçəkənlərə təzminatın ödənilməsi Bakının əsas tələbləridir. Rusiya mediası həmçinin Zəngəzur dəhlizinin açılmaması halında Ermənistanın tranzit ölkə statusunu itirə biləcəyi ilə bağlı xəbərdarlıqlara da yer ayırıb.

BƏƏ, Pakistan, İordaniya, Kuba və Venesuela kimi ölkələrin media orqanlarında forumun işğaldan azad edilmiş ərazidə – Xankəndidə keçirilməsinin rəmzi əhəmiyyətinə diqqət yetirilib. Forumun beynəlxalq informasiya dialoqunu təşviq edən platforma olması və Azərbaycanın regional liderlik rolu xüsusilə qeyd olunub.

52 ölkədən 140-dan çox xarici nümayəndənin iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumu, təkcə medianın deyil, beynəlxalq ictimaiyyətin də diqqətini Azərbaycan reallıqlarına yönəldib. Prezident İlham Əliyevin verdiyi mesajlar, beynəlxalq hüquqa əsaslanan mövqeyi və gələcək sülh proseslərinə dair konkret təklifləri qlobal medianın gündəmini zənginləşdirib. Forum həm də Azərbaycan üçün strateji məsələlərdə beynəlxalq dəstəyin formalaşması baxımından mühüm addım kimi qiymətləndirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR