• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Suverenlik və Konstitusiya tariximiz

SİYASƏT

30 Aprel 2025 | 16:12

Suverenlik və Konstitusiya tariximiz

Konstitusiya - bir ölkənin ən yüksək hüquqi qüvvəyə malik qanunudur. O, dövlətin quruluşunu, hakimiyyət orqanlarının səlahiyyətlərini, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir. Konstitusiya, həmçinin qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasındakı münasibətləri tənzimləyir.

Hər bir müstəqil, suveren dövlətin konstitusiyası olmalıdır. O cümlədən müstəqil, azad, suveren Azərbaycan dövlətinin ümumxalq yolu ilə qəbul olunmuş konstitusiyası var. 1995-ci il  noyabr ayının 12-də qəbul edilmiş konstitusiyamız dünyanın ən demokratik əsas qanunlarından hesab olunur. Azərbaycan Konstitusiyası ölkənin hüquq sisteminin təməlini təşkil edir. O, dövlətin necə idarə olunacağını, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib.

Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçilik mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik  və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.

Şərqdə ilk Respublika elan etmiş Azərbaycan, ilk Konstitusiyanın müəllifidir. Belə ki, keçmiş Azərbaycan Sovet Sosialist Respublikası 1921-ci ildə özünün ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan SSRİ təşkil olunduqdan sonra öz Konstitusiyasını 1925-ci il martın 14-də keçirilmiş Ümumazərbaycan Sovetlər Qurultayının IV çağırışında təkmilləşdirərək yenidən qəbul etdi. Sosializm quruluşu tam bərqərar olduqdan sonra Azərbaycan Respublikasının Konstitusiyası 1937-ci ildə yenidən qəbul edildi.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi ilə yeni Konstitusiyanın qəbul edilməsi tarixi zərurəti yarandı. Bundan 9 il sonra - 1978-ci ildə respublikamızın növbəti Konstitusiyası qəbul edildi.

Bu Konstitusiya qəbul edilərkən respublikanın rəhbəri olan Heydər Əliyev əsas məsələ kimi dövlət dilini diqqətdə saxladı. O, respublikanın Əsas Qanununda dövlət dilinin Azərbaycan dili olmasını əks etdirən maddənin salınmasına çalışırdı. Təbii ki, özündə 15 respublikanı birləşdirən rəsmi Moskva bu hadisəni çox böyük etirazla qarşıladı. Qeyd edək ki, həmin vaxtı 15 respublikadan yalnız Ermənistan və Gürcüstanın Konstitusiyasında dil haqqında maddə öz əksini tapmışdı.

Ümummilli Lider o dövrü belə xatırlayırdı: “O vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq.

Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fikirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

1995-ci il noyabrın 12-də ümumxalq səs verməsi- referendum ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasının şəriksiz memarı Ümummilli Lider Heydər Əliyevdir. Amma bir həqiqət var ki, bu gün Ana Qanunumuz hesab olunan Konstitusiyamızın layihəsinin hazırlanmasında Ulu Öndər çox böyük əziyyət çəkmişdir.

Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də keçirilən ilk iclasında geniş nitq söyləyən Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük hadisədir. Ulu Öndər həmin çıxışında bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.

Eyni zamanda, həmin çıxışında Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyəti barədə danışarkən ölkənin Əsas Qanunu barədə belə demişdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri- bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Azərbaycan Respublikasında Konstitusiya, demokratik prinsiplər və insan haqları digər ölkələrlə müqayisədə fərqli bir istiqamətdədir. Fərqi ondadır ki, Konstitusiyada Azərbaycan xalqının və burada yaşayan azsaylı xalqların adət və ənənələri, milli-mənəvi dəyərləri nəzərə alınmış, ən əsası isə etik normalara riayət olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasının hər bir maddəsi və bəndi etik normaların göstəricisidir. Həm Konstitusiyada və həm də Ulu Öndərin çıxışlarında dövlətçiliklə yanaşı, demokratik prinsiplər, insan azadlığı və bunların funksiyaları təsbit olunmuşdur.

Heydər Əliyevin müdrik kəlamlarında əsas məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və ictimaiyyət qarşısında öhdəlikləri layiqincə yerinə yetirməli, milli-mənəvi dəyərləri qorumalı, ən əsası isə dövlətin quruculuq siyasətində fəal iştirak etməlidir. 

Azərbaycan Respublikasının Konstitusiyasına cəmi bir neçə dəfə - 2002, 2009 və 2016-cı illərdə dəyişiklik edilmişdir. Belə ki, 2002-ci ildə referendumla ilk böyük dəyişikliklər baş vermişdir. 2009-cu ildə keçirilmiş referendumla edilmiş ikinci dəyişiklik prezidentlik müddətinin sayına dair məhdudiyyətin aradan qaldırılmasından ibarət olmuşdur. 2016-cı ildə keçirilmiş referendumla vitse-prezidentlik institutu yaradılmış, prezidentin səlahiyyətləri genişləndirilmişdir...

Qismət Quliyev

Özbəkistanın Qarşi Dövlət Universitetinin Fəxri Professoru, məhkəmə-tibb eksperti

Bakıvaxtı.az


SON XƏBƏRLƏR