• Bakı C

    11.56 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Böyük ağacın kölgəsi və meyvəsi - Əkbər Qoşalı yazır 
YAZARLAR
08 Fevral 2025 | 18:56

Böyük ağacın kölgəsi və meyvəsi - Əkbər Qoşalı yazır 

Əkbər Qoşalı

( _Kulturoloji yorum. I yazı)_ 

Aydın kimi aydın dostum Elçin Manaf hər əlamətdar gündə, bayramda, olayda… lütf edib, mənə ismarıc göndərir. Onun ismarıcları heç vaxt hazır bir “açıqca”nın və s.-nin paylaşılması ilə deyil, illa bir düşüncə, fikir paylaşımı ilə süslənir. Keçən günlərdəki ismarıcı da istisna deyildi; bu dəfə də gözəlmi-gözəl bir deyimi bölüşdü: “Böyük ağacın kölgəsi meyvəsindən çox olar”. - Deyəsən, italyan ata sözüdür. Söz məni tutdu və onu bir qədər incələmək, yorumlamaq, açmaq istədim. 

Əlbəttə, bu deyim, metaforik anlam daşıyır və əsasən böyük, köklü sistemlərin məhsuldarlıq və təsir alanları arasındakı fərqə işarə edir. Kulturoloji baxımdan bu prinsipi böyük mədəniyyətlər üçün də keçərli sayaraq, bir neçə yöndə yorumlamağa çalışaq.

Böyük mədəniyyətlər – yəni tarixi dərinliyə, intellektual sərvətə və təsir gücünə malik olan mədəniyyətlər – yalnız öz yaradıcılıq və məhsuldarlığı ilə deyil, həm də onların yaratdığı kontekstlə, təsir dairəsi ilə bəlirlənir. Onların “kölgə”si birbaşa yaratdıqları meyvə(lik)lərdən daha çox (böyük; geniş) ola bilər, çünki belə mədəniyyətlər çox vaxt öz dönəmindəki və sonrakı epoxal sürəcləri müəyyən edir; bununla da yeni mədəni hərəkatların və düşüncə sistemlərinin yaranmasına zəmin yaradır.

Elə bir mədəniyyət (örnəyi, Qədim Yunan-Roma mədəniyyəti) göstərilə bilər, o, yalnız fəlsəfi, sənət əsərləri ilə deyil, həm də hüquq sistemi, dövlətçilik modeli, habelə təhsil gələnəyi ilə çağdaş və gələcək mədəniyyətlərə dərin təsir göstərmiş olsun. Deyilə bilər: onun meyvələri - konkret fəlsəfi ideyalar və sənət örnəkləri idisə, kölgəsi - hüquq sistemlərində, siyasət modellərində və etik kodekslərdə yaşamağa davam etdi...

Sözümüzü böyük mədəniyyətlərin çoxsaylı “kölgə”ləri yarımbaşlığı əsasında davam etdirək.

Bəli, böyük mədəniyyətlər bəzən elə bir “kölgə” yaradır, onların təsiri hətta öz dönəmindəki konkret uğurlarından daha uzunömürlü olur. Bu təsiri üç əsas yöndə görmək mümkündür:

İdeoloji və düşüncəvi kölgə – Mədəniyyətlər çox vaxt özlərindən sonrakı epoxalarda düşüncə tərzini formalaşdırır. Örnəyi, İslam mədəniyyəti yalnız dini mətnlər və fəlsəfə deyil, həm də elm, incəsənət və idarəetmə gələnəkləri ilə Yaxın Doğudan tutmuş Avropaya qədər geniş təsir göstərdi;

Mədəni və estetik kölgə – Böyük mədəniyyətlər öz bədii və estetik normalarını başqa mədəniyyətlərə ötürə bilər. İntibah mədəniyyəti Avropa incəsənətinə və dünya mədəniyyətinə elə bir kölgə saldı ki, sonrakı yüzilliklərdə sənətçilər və düşüncə adamları özlərini həmin çərçivədə ifadə etməyə çalışdı;

Siyasi və ictimai kölgə – Siyasi sistemlər də böyük mədəniyyətlərin kölgəsi altında formalaşa bilir. Örnəyi, Sovet mədəniyyəti təkcə sosrealizm sənət və ya ideologiyası ilə deyil, həm də onun yaratdığı kollektiv(ist) psixologiya və yönətim formaları ilə post-sovet məkanında uzun müddət təsirini saxladı.

Gəlin bu məqamda diqqəti bir daha mədəniyyətin yolayrıclarına - dilemmalarına yönəldək: görək, kölgənin meyvəni ötməsi olayı nədir, nə deyil?..

Bəli, bəzən mədəniyyətin yaratdığı kölgə onun meyvələrini ört-basdır edə və ya onların böyüməsini sınırlaya bilər. Bu, özəlliklə köhnə mədəniyyətlərin yeni dönəmlərə uyğunlaşması ilə bağlı çətinliklərində özünü göstərir.

Örnəyi:Böyük bir sivilizasiya öz keçmişinin təsirindən çıxa bilmədiyi üçün yeniliyə açıq olmaya bilər. Çin mədəniyyəti uzun müddət Konfutsiçiliyin kölgəsində qalıb və çağdaş dönəmə keçid zamanı öz klassik kökləri ilə çağdaşlaşma arasında tarazlıq yaratmağa çalışıb.

Bəzi mədəniyyətlər öz meyvələrini inkişaf etdirmək əvəzinə yalnız kölgələri ilə oyalanmağa (yaşamağa) başlayır. - Deyəlim, bəzi Doğu toplumlarında keçmiş mədəni uğurların qüruru (hətta, xumarı…) o qədər dominant olub ki, yenilikçilik və yaradıcı yanaşma zəif qalıb…

Nəhayət,böyük mədəniyyətin kölgəsinin olumlu və olumsuz təsirlərini də vurğulayaq. -

Olumlu yön: Böyük mədəniyyətin kölgəsi yeni mədəniyyətlərə və ideyalara münbit ortam yarada bilər. Türk mədəniyyəti İslam mədəniyyəti ilə diffuziya edərək yeni mədəni dalğalar (Osmanlı və Səfəvi mədəniyyətləri…) yaradıb;

Olumsuz yön: Böyük mədəniyyətin kölgəsi bəzi hallarda yeni təşəbbüslərin və fərqli istiqamətlərin inkişafına əngəl ola bilər. Örnəyi, bəzi Avropa ölkələri uzun müddət Yunan-Roma mədəniyyətinin təsiri altında qaldığı üçün yeni modellər axtarmaqda çətinlik çəkib...

Sonuc olaraq daha nələri vurğulaya bilərik? -  Bəli, mədəniyyətin yalnız konkret uğurlardan deyil, həm də yaratdığı təsir dairəsindən ibarət olduğunu nəzərə alsaq, onun kölgəsi bəlli tarixi, ideoloji və estetik çərçivələr formalaşdırır; lakin bu kölgə həmişə inkişaf üçün münbit ortam yaratmır – bəzən mədəniyyətlər öz keçmişlərinin təsiri altında qalaraq yeni meyvələr yetişdirməkdə çətinlik çəkə bilir. O baxımdan, mədəniyyətin əsas görəvi öz kölgəsinin altında boğulmamaq, tozlanmaq və ardınca da çiçəkləyərək yeni meyvələr verməyə davam etməkdir…


SON XƏBƏRLƏR