• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Enerji gücü, Dövlət ağlı və yeni geosiyasi gerçəklik - Əkbər Qosalı yazır
YAZARLAR
02 Iyun 2026 | 21:06

Enerji gücü, Dövlət ağlı və yeni geosiyasi gerçəklik - Əkbər Qosalı yazır

Əkbər Qoşalı

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi fəaliyyət sahəsi kimi götürülməməlidir; o, dövlət quruculuğunun, suverenliyin və beynəlxalq nüfuzun əsas dayaqlarından biridir.

Dövlətlərin taleyində elə mərhələlər olur, həmin dönəmi iqtisadi statistikadan daha çox, milli iradənin və strateji düşüncənin təntənəsi kimi dəyərləndirmək lazım gəlir. Azərbaycanın son 30 illik inkişaf yolu da məhz belə bir tarixdir.

Əslində, bu gün Bakı Enerji Həftəsi adı ilə tanıdığımız beynəlxalq platformun başlanğıcında müstəqilliyinin ilk illərində ağır sınaqlarla üzləşmiş dövlətçiliyimizin qurtuluşu dayanırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin, daha sonra “Şahdəniz” layihəsinin yalnız enerji sazişləri olmadığını bilirik; onlar Azərbaycanın dünya siyasi və iqtisadi sisteminə qayıdışının açıq duyurusu idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, o illərdə ölkə siyasi sabitsizlik, iqtisadi böhran, ağır işğal, qaçqınlıq və enerji çatışmazlığı ilə üz-üzə idi. Bu gün isə həmin Azərbaycan enerji ixrac edən, yatırımlar qoyan və regional prosesləri müəyyənləşdirən aktora çevrilib.  

Çağdaş dünyanın ən böyük paradokslarından biri enerji daşıyıcılarına ehtiyacın artdığı bir vaxtda enerji istehsalçılarının bəzən ittiham obyektinə çevrilməsidir. Prezident İlham Əliyevin bu məsələyə xüsusi toxunması təsadüfi deyildir. Dünya hələ də neftsiz, qazsız yaşaya bilmir. Yaşıl enerji keçidi vacibdir, lakin bu keçid gerçəklikdən qopmuş ideoloji şüarlarla deyil, praqmatik yanaşmalarla həyata keçirilməlidir. Azərbaycan bax bu tarazlığı qoruyan ölkələrdən biridir. Bir tərəfdən qaz göndərişini artırır, digər tərəfdən isə külək, Günəş və hidroenerji layihələrinə milyardlarla dollar yatırım edir.  

Bu gün Azərbaycanın enerji siyasətinin ən önəmli özəlliklərindən biri onun geosiyasi mahiyyətidir. Güney Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişdirən strateji arteriyaya çevrilib. Azərbaycan qazının çatdırıldığı ölkələrin sayının 16-ya yüksəlməsi və onların 10-nun Avropa Birliyinin üzvü olması Bakının beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu açıq şəkildə nümayiş etdirir.  

Azərbaycan yalnız enerji satan ölkə statusunda qalmır. - Bax, ən diqqətçəkən məqamlardan biri də budur. SOCAR artıq Yaxın Gündoğar ölkələrində, Afrikada və Türküstanda (Mərkəzi Asiyada) yatırımlarla çıxış edən transmilli şirkətə çevrilir. Bu isə ölkənin enerji strategiyasının növbəti mərhələsinə keçdiyini göstərir. Vaxtilə yatırımlar gözləyən ölkə indi özü yatırımçıdır.  

Lakin enerji siyasətinin ən böyük nəticəsi iqtisadi göstəricilərdən daha çox, milli təhlükəsizlik sahəsində özünü göstərdi. Azərbaycanın enerji gəlirləri güclü ordu quruculuğuna, çağdaş müdafiə sisteminin formalaşmasına və nəhayət, torpaqlarımızın işğaldan qurtuluşuna xidmət etdi. Dövlət başçısının vurğuladığı kimi, döyüş ruhu həlledici amildir, amma güclü iqtisadi bazaya dayanmadan güclü ordu qurmağın mümkün olmadığı bəllidir. Bəli, 44 günlük müharibədə əldə edilən Zəfərin arxasında həm də uzun illər boyu formalaşdırılmış iqtisadi və enerji gücü dayanırdı.  

Bu gün Azərbaycan enerji siyasətini yük daşımalar siyasəti ilə, yük daşımalarını diplomatiya ilə, diplomatiyanı isə regional işbirliyi modeli ilə birləşdirə bilir. Gündoğardan Gübatara uzanan dəhliz, Orta Dəhliz, enerji kabelləri, yaşıl enerji layihələri və gələcək Zəngəzur dəhlizi eyni strateji xəttin bölmələridir. Bütün bunlar Azərbaycanın geoiqtisadi yüksəlişini göstərməkdədir.  

XXI yüzildə enerji yalnız iqtisadi resurs olmaqdan çıxıb, dövlət ağlı, diplomatik bacarıq və milli strateji düşüncə tələb edən amilə çevrilib. - Bakı Enerji Həftəsində səslənən fikirlərin əsas ismarıcı da elə budur. Azərbaycan artıq proseslərin təşəbbüskarı kimi çıxış edir.

Dünən Xəzərin sahilində öz sərvətlərini dünyaya tanıtmağa çalışan bir ölkə vardı. Bu gün isə həmin ölkə Avrasiyanın enerji təhlükəsizliyi xəritəsini cızan güclərdən biridir…

Bax, bu, təkcə enerji tarixinin uğuru sanılmamalıdır. Bu, Azərbaycan dövlət ağlının uğurudur.

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR