Bakının müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə aparılan texniki işlərlə əlaqədar olaraq suyun verilmə qrafikində müvəqqəti dəyişikliklər edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, su anbarlarına qəbul edilən suyun həcminin və sutəmizləyici qurğuların məhsuldarlığının artırılması istiqamətində işlər davam etdirilir. Görülən tədbirlər çərçivəsində verilən suyun həcmi müvəqqəti olaraq azaldılıb.
Nəticədə paytaxtın müxtəlif rayonlarında suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq edilir. Qurumdan verilən məlumata görə, hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir və mütəxəssislərin iştirakı ilə yaxın iki gün ərzində su təchizatının stabilləşdirilməsi, normal rejimin bərpa olunması gözlənilir.
Hazırda tətbiq olunan müvəqqəti qrafikə əsasən, Xətai və Nizami rayonlarının bəzi ərazilərində su 06:00-10:00 və 18:00-22:00 saatlarında verilir. Suraxanı rayonunun ayrı-ayrı hissələrində isə su təchizatı 06:00-17:00, 06:00-19:00 və 22:00-01:00 saatları arasında həyata keçirilir.
Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərində suyun verilməsi 06:00-dan 20:00-dək davam edir. Yasamal rayonunda isə müxtəlif ərazilər üzrə 06:00-10:00, 06:00-22:00 və 18:00-22:00 saatlarını əhatə edən qrafik tətbiq olunur.
Sabunçu rayonunun bəzi hissələrində su 08:00-12:00 və 22:00-02:00 saatlarında, Xəzər rayonunda 00:00-12:00 saatları arasında, Pirallahı rayonunda isə 08:00-17:00 saatlarında verilir. Nəsimi rayonunun bəzi ərazilərində su təchizatı 06:00-10:00 və 18:00-21:00 saatlarında həyata keçirilir.
Qurum qeyd edib ki, bəzi ünvanlarda, xüsusilə çoxmərtəbəli binaların yuxarı mərtəbələrində suyun çatdırılmasında çətinliklər müşahidə olunur. Belə hallarda yerli sukanal idarələri tərəfindən su maşınları vasitəsilə xidmət göstərilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmış müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib və tənzimləmə işlərinin fasiləsiz şəkildə davam etdirildiyini vurğulayıb.
Bakı 



