• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Türkiyə-Yunanıstan gərginliyi: Hərbi toqquşma NATO-nun dağılmasına səbəb ola bilər

SİYASƏT

24 Iyul 2024 | 16:53

Türkiyə-Yunanıstan gərginliyi: Hərbi toqquşma NATO-nun dağılmasına səbəb ola bilər

Bir müddət öncə Yunanıstanın müdafiə naziri Nikos Dendias "bir gecə F-35 qırıcıları ilə qəfil Ankaraya gedə biləcəklərini" demişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib ki, Türkiyə lazım gələndə müdaxilələr də edir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər isə Yunanıstanın müdafiə naziri Nikos Dendiasın təhdidlərinə cavab olaraq "Türkiyəyə hər il 60 milyon turist gəlir, gözləyirik. Turist səfəri üçün gözləyirik", - deyə cavab verib.

Bəs görəsən, Türkiyə-Yunanıstan gərginliyinin pik səviyyəyə çatması gözlənilirmi?

Politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gərginliyin hansısa üçüncü qüvvənin əli vasitəsilə baş verməsi istisna deyil.

Onun sözlərinə görə, indiki məqamda bu gücün ABŞ-nin olması ehtimalı daha yüksəkdir:

"Son illər Türkiyə Yunanıstanla münasibətlərin normallaşmasında maraqlı idi. Lakin görünən odur ki, iki ölkə arasında yenidən gərginlik yaşanacaq. Çünki qlobal geosiyasi təcrübəyə əsasən, iki dövlət arasındakı münasibətlərin normallaşması prosesində maraqlı olmayan qüvvələr hər zaman gedişata müdaxilə edirlər".

K.Novruzov hesab edir ki, iki ölkə arasında qarşılıqlı bəyanatların və təhdidlərin olmasına baxmayaraq, gərginliyin üst səviyyəyə keçəcəyi gözlənilmir.

Müsahibimizə görə, Türkiyə və Yunanıstan arasında hərbi toqquşmanın baş verməsi real görünmür. Onun fikrincə, əgər hər iki ölkə arasında hərbi toqquşma olarsa, bu, Yaxın Şərq və ya Şərqi Avropaya bənzəməyəcək.

Kənan Novruzov: Əgər iki ölkə arasında hərbi toqquşma olarsa, bu, Yaxın Şərq və ya Şərqi Avropaya bənzəməyəcək

“Bu toqquşma NATO-nun dağılmasına səbəb olacaq. Çünki Türkiyə və Yunanıstan NATO ölkəsidir. İki NATO mütəffiqi arasında savaş başlayarsa, yer yerindən oynayacaq. Hər iki tərəf bunu başa düşür və ancaq bəyanatla kifayətlənir", - deyə Kənan Novruzov vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Oktyabr 2024