Bu gün minlərlə ali təhsilli və ya təhsilsiz gənc işsizlik ucbatından ağır fiziki güc tələb edən sahələrdə işləməyə məcbur olur. Ən acınacaqlı məqam isə bir çox şirkətin bu gənclərin çarəsizliyindən istifadə edərək onları əmək müqaviləsi olmadan, sığortasız və heç bir hüquqi zəmanət vermədən işlətməsidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Babək Umudov bildirib ki, gəncləri qeyri-formal məşğulluğa cəlb etmək təkcə onların bu gününü deyil, həm də gələcək sosial təminatını (pensiya, sığorta və s.) təhlükə altına qoyur.
Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi bu məsələdə kifayət qədər sərt mövqe tutur:
"Əmək Məcəlləsinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətləri yazılı əmək müqaviləsi bağlandıqda və bu müqavilə elektron informasiya sistemində (ƏMAS-da) qeydiyyata alındıqdan sonra qüvvəyə minmiş hesab olunur. Gəncləri müqaviləsiz və sığortasız işlədən işəgötürənləri həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir".
İnzibati məsuliyyət barədə danışan Babək Umudov vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər, yəni şirkətlər isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əgər əmək müqaviləsi bağlamadan işə cəlb edilən işçilərin sayı on nəfər və ya daha çox olarsa, bu hal artıq inzibati xəta deyil, cinayət tərkibi yaradır. Bu zaman işəgötürəni yeddi min manatdan on min manatadək cərimə, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Babək Umudov: Qanunvericilik ağır və zərərli işlərdə çalışan işçilərin hüquqlarını xüsusi qoruyur
Bundan əlavə, qanunvericilik ağır və zərərli işlərdə çalışan işçilərin hüquqlarını xüsusi qoruyur. Hüquqşünasın sözlərinə görə, işəgötürən hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin inkişafı və ya itirilməsi hallarından icbari sığorta etdirməlidir. Müqavilə olmadıqda bu sığorta da olmur və bədbəxt hadisə baş verdikdə bütün maddi və hüquqi məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür, həmçinin faktla bağlı dərhal cinayət işi açılır. Habelə, ağır fiziki işlərdə çalışanlar üçün qanunla qısaldılmış iş vaxtı və əlavə məzuniyyətlər nəzərdə tutulmalıdır. Müqaviləsiz işçilər isə adətən istismar olunaraq gündə 10-12 saat işlədilirlər ki, bu da kobud qanun pozuntusudur.
Çarəsizlik gəncləri bu şərtlərlə razılaşmağa vadar etsə də, onlar bilməlidirlər ki, qanun tamamilə onların tərəfindədir. Hüquqşünas hüququ tapdanan gənclərə özlərini qorumaq üçün ilk növbədə iş yerində həqiqətən işlədiklərini sübut edən hər bir detalı saxlamağı tövsiyə edir. Bura iş yoldaşlarının şahid ifadələri, iş prosesində çəkilən foto və videolar, maaşın karta köçürülməsinə dair bank çıxarışları, eləcə də işəgötürənin tapşırıq yazdığı WhatsApp və ya elektron poçt yazışmaları daxildir:
"Daha sonra gənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi ərizə ilə müraciət edə bilərlər. Həmçinin nazirliyin 142 Çağrı Mərkəzi vasitəsilə anonim və ya açıq şəkildə şikayət etmək mümkündür və müfəttişlik həmin müəssisədə dərhal yoxlama aparmaq hüququna malikdir. İşçi faktiki işlədiyini sübut edən sənədlərlə məhkəməyə müraciət edərək əmək münasibətlərinin rəsmiləşdirilməsini, ötən dövr üçün ödənilməyən əməkhaqqının, məzuniyyət pullarının və sosial sığorta haqlarının geriyə dönük olaraq ödənilməsini də tələb edə bilər. Əgər müəssisədə kütləvi şəkildə, yəni on nəfərdən çox müqaviləsiz işçi çalışdırılırsa, bu barədə birbaşa prokurorluq orqanlarına müraciət etməklə cinayət işinin başlanmasına nail olmaq olar".
Zeynəb Rzayeva
Bakı 



