"Kosmetik məhsul seçərkən tərkibinə, orijinallığına və istifadə müddətinə diqqət yetirilməsi sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, istehlakçılar ilk növbədə saxta məhsullardan uzaq durmalı və yalnız etibarlı satış məntəqələrindən alış-veriş etməlidirlər.
“Mütəxəssis bildirib ki, saxta kosmetik məhsullar dəridə bərpası mümkün olmayan fəsadlara səbəb ola bilər:
"Buna görə də məhsullar rəsmi distribütorlardan, tanınmış mağaza şəbəkələrindən və ya brendin rəsmi satış kanallarından alınmalıdır”.
Orxan İsmayılov qeyd edib ki, məhsul alınarkən barkodu, son istifadə tarixi və açıldıqdan sonra neçə ay istifadə oluna bilməsi mütləq yoxlanılmalıdır.
“Bundan əlavə, məhsulun hansı dəri tipinə uyğun olduğu və tərkibində sağlamlıq üçün zərərli maddələrin olub-olmaması da diqqətlə araşdırılmalıdır. Quru, yağlı və ya qarışıq dəri üçün nəzərdə tutulmuş məhsullar fərqli olduğundan seçim də buna uyğun edilməlidir”, – deyə o vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 



