İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 18-də ABŞ-yə səfəri planlaşdırılıb. Bu səfər Yaxın Şərqdə hərbi-siyasi gərginliyin yenidən yüksəldiyi bir dövrə təsadüf edir.
İsrail rəsmilərinin açıqlamalarına görə, Netanyahu ABŞ-də mərhum respublikaçı senator Lindsi Qremin xatirəsinə təşkil olunan mərasimlərdə iştirak etməyi və Prezident Donald Trampla görüşçəyi planlaşdırır. Bununla belə, son məlumatlarda səfər təsdiqlənsə də, Trampla görüşün proqramının hələ tam rəsmiləşmədiyi bildirilir.
Lindsi Qrem ABŞ Konqresində İsrailin ən ardıcıl müdafiəçilərindən, İran əleyhinə sərt siyasətin və İsrailə hərbi yardımın əsas tərəfdarlarından biri hesab olunurdu. Onun vəfatı Respublikaçılar Partiyasının Senatdakı mövqeyinə də təsir göstərərək partiyanın çoxluğunu 51 yerə endirib.
Səfərin gündəliyi yalnız senator Qremin dəfn və anım mərasimləri ilə məhdudlaşmır. ABŞ və İsrail İranla qarşıdurmanın növbəti mərhələsi, Fars körfəzində təhlükəsizlik, Qəzzadakı vəziyyət, Livan və Suriyada İsrail qüvvələrinin fəaliyyəti, eləcə də Türkiyənin regional roluna dair fərqli yanaşmaları uzlaşdırmağa çalışırlar. Son günlər Donald Trampın Netanyahudan İsrail qüvvələrinin Suriyadan çıxarılmasına başlamasını və Livanda razılaşdırılmış geriçəkilmələri həyata keçirməsini istədiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ-nin İrana qarşı yeni zərbələri, Tehranın körfəz ölkələrini hədəfə alması və Hörmüz boğazı ətrafındakı gərginlik Vaşinqton–Təl-Əviv koordinasiyasını daha da vacib edir.
İsrail daxilində isə hərbi xidmətlə bağlı qəbul edilən mübahisəli qanunlar və qarşıdakı seçkilər Netanyahu hökumətinin xarici siyasət qərarlarına daxili siyasi hesablamaların da təsir göstərdiyini nümayiş etdirir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu səfər ilk növbədə ABŞ-İsrail münasibətlərində mövcud fikir ayrılıqlarının birbaşa liderlər səviyyəsində idarə olunmasına xidmət edə bilər. Onun sözlərinə görə, Tramp və Netanyahu İranın regional təsirinin zəiflədilməsi məsələsində ümumi mövqeyə malik olsalar da, hərbi əməliyyatların miqyası və nə vaxt dayandırılması ilə bağlı yanaşmaları tam üst-üstə düşmür:
“ABŞ administrasiyası sürətli siyasi nəticə və uzunmüddətli müharibədən çıxış yolu axtarır, Netanyahu isə İsrailin təhlükəsizlik təhdidləri aradan qalxmayınca hərbi təzyiqin davam etməsini istəyir. Görüş zamanı tərəflər İranın nüvə proqramı, raket imkanları və Tehranla mümkün yeni razılaşmanın şərtlərini müzakirə edə bilərlər. Vaşinqton İsrailə təhlükəsizlik təminatlarını saxlayaraq, eyni zamanda onu Suriyada, Livanda və Qəzzada daha ölçülü davranmağa çağırmağa çalışacaq. Buna görə də səfərin əsas nəticəsi yeni böyük sazişdən daha çox, qarşıdakı mərhələ üçün ortaq hərəkət çərçivəsinin müəyyənləşdirilməsi ola bilər”.
Müsahibimiz bildirib ki, İran məsələsi görüşün ən mühüm və ən həssas istiqaməti olacaq. Netanyahu hesab edir ki, İranın nüvə və raket infrastrukturu tam nəzarət altına alınmadan İsrail üçün strateji təhlükə aradan qalxmış sayılmamalıdır. İsrail rəhbərliyi Tehrana qarşı əlavə hərbi əməliyyatlar üçün ABŞ-dən siyasi, kəşfiyyat və logistika dəstəyi almağa çalışa bilər. Tramp administrasiyası isə hərbi təzyiqi danışıqlarda üstünlük vasitəsi kimi istifadə etsə də, ABŞ-ni uzunmüddətli regional müharibəyə bağlamaq istəməyə bilər. Dediyinə görə, bu fərq Netanyahu ilə Tramp arasında İranın necə və hansı vasitələrlə cilovlanması məsələsində müəyyən taktiki gərginlik yaradır. Görüşdən sonra İrana qarşı yeni sanksiyalar, dəniz təhlükəsizliyinin gücləndirilməsi və mümkün hücumlara birgə cavab mexanizmləri barədə qərarların açıqlanması istisna edilmir.

Züriyə Qarayeva: Netanyahu səfər çərçivəsində İsrailpərəst siyasi dairələrlə ayrıca təmaslar qurmağa çalışa bilər
“Qəzza, Livan və Suriya məsələlərində tərəflərin mövqeləri arasında hansı fərqlər mövcuddur” sualını cavablandıran həmsöhbətimiz qeyd edib ki, Qəzza məsələsində ABŞ girovların azad edilməsi, humanitar yardımın genişləndirilməsi və davamlı atəşkəs mexanizminin qurulmasını ön plana çıxarır. Onun bildirdiyinə görə, Netanyahu hökuməti isə HƏMAS-ın hərbi və siyasi imkanları tamamilə aradan qaldırılmadan müharibənin başa çatmasının İsrail üçün yeni təhlükə yaradacağını bildirir. Livanda Vaşinqton “Hizbullah”ın tərksilahı və İsrail qüvvələrinin razılaşdırılmış ərazilərdən mərhələli çıxarılması əsasında siyasi model formalaşdırmağa çalışır. Suriyada isə Tramp administrasiyası İsrailin geniş hərbi mövcudluğunun yeni Suriya hakimiyyəti ilə münasibətləri və regional sabitliyi poza biləcəyindən narahatdır. Netanyahu bu istiqamətlərdə güzəştlərə getmək üçün ABŞ-dən daha güclü təhlükəsizlik zəmanətləri və İran qüvvələrinin regiona qayıtmayacağına dair konkret təminatlar tələb edə bilər. Beləliklə, görüşün əsas mübahisəsi İsrailin təhlükəsizlik tələbləri ilə ABŞ-nin regional sabitlik və diplomatik normallaşma planları arasında balansın necə qurulması olacaq.
Z.Qarayeva deyib ki, Lindsi Qremin dəfn mərasimində iştirak səfərə həm şəxsi, həm də simvolik siyasi məna verir:
“Qrem uzun illər İsrailin təhlükəsizliyini ABŞ-nin milli maraqlarının bir hissəsi kimi təqdim edən ən fəal senatorlardan biri olub. Netanyahu mərasimdə iştirak etməklə yalnız mərhum senatora ehtiramını deyil, Respublikaçılar Partiyası ilə uzunmüddətli əlaqələrin davam etdirilməsinə verdiyi əhəmiyyəti də nümayiş etdirəcək. Senatorun vəfatı ABŞ Senatındakı qüvvələr nisbətinə təsir göstərdiyindən, İsrail üçün Konqresdə yeni siyasi dayaqların formalaşdırılması məsələsi də aktuallaşır”.
Politoloq bildirib ki, Netanyahu səfər çərçivəsində respublikaçı senatorlarla, administrasiya rəsmiləri və İsrailpərəst siyasi dairələrlə ayrıca təmaslar qurmağa çalışa bilər. Bu baxımdan səfər təkcə Tramp–Netanyahu görüşü deyil, İsrailin Vaşinqtondakı siyasi təsir şəbəkəsini yenidən möhkəmləndirmək cəhdi kimi də qiymətləndirilə bilər.
Zülfü Məmmədov
Bakı 



