"Kosmetik məhsullara verilən gigiyenik sertifikat həmin məhsulların sanitar-gigiyenik tələblərə uyğunluğunu və insan sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiqləyən rəsmi sənəddir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, kosmetik vasitələr bədənin təmizlənməsi, qorunması, yaxşı vəziyyətdə saxlanılması və xarici görünüşün dəyişdirilməsi məqsədilə istifadə olunan məhsullardır.
“Gigiyenik sertifikat müəyyən məhsulların sanitar-gigiyenik norma və tələblərə cavab verdiyini, insan sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiqləyən rəsmi sənəddir. Bu sənəd məhsulun müvafiq laborator sınaqlardan və yoxlamalardan keçdiyini göstərir”, - deyə mütəxəssis bildirib.
Orxan İsmayılov qeyd edib ki, gigiyenik sertifikatlaşdırma insan sağlamlığının qorunması, idxal olunan məhsullara nəzarətin təmin edilməsi və keyfiyyət standartlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Zeynəb Rzayeva
Bakı 



