"Onlayn alış-veriş zamanı kosmetik məhsulların orijinallığına, istifadə müddətinə və saxlanılma şəraitinə xüsusi diqqət yetirilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, onlayn alış-veriş rahat olsa da, bu üsul müəyyən risklər də yaradır.
Mütəxəssis qeyd edib ki, istehlakçılar məhsulları mümkün qədər rəsmi distribütorlardan və etibarlı satış platformalarından almalıdırlar. Alış zamanı məhsulun seriya nömrəsi və barkodu mütləq yoxlanılmalıdır.
Orxan İsmayılov qeyd edib ki, internet üzərindən satılan bəzi kosmetik məhsulların istifadə müddəti bitmək üzrə ola və ya saxta məhsul riski daşıya bilər.
“Buna görə də məhsulun yararlılıq müddətinə, eləcə də saxlanılma və daşınma şərtlərinə diqqət yetirmək vacibdir. Bu amillər məhsulun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır”, deyə o vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 



