2024-cü ilin oktyabrından bəri Rusiya ilə müharibəyə son qoymaq üçün ərazi güzəştlərinə getməyə hazır olan ukraynalıların sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
“2024-cü ilin mayından oktyabrın əvvəlinə qədər vəziyyət faktiki olaraq dəyişməmişdisə, 2024-cü ilin oktyabr ayının əvvəli və dekabr ayları arasında müəyyən ərazi güzəştlərinə hazır olanların nisbətində 32 faizdən 38 faizə qədər artım müşahidə olunub. Eyni zamanda, qəti şəkildə güzəştlərə qarşı olanların nisbəti azalıb. Lakin bütün çətin şərtlərə baxmayaraq, dekabr ayına olan məlumata görə, ukraynalıların 51 faizi ərazi güzəştlərinin əleyhinə çıxıb (oktyabrın əvvəlində bu göstərici 58 faiz idi)”, - sorğuda göstərilib.
Qeyd edilir ki, Ukraynanın bütün regionlarında güzəştə getmək istəyinin artdığı müşahidə olunur.
Ayrı-ayrı “paket” sülh sazişlərindən danışarkən, ukraynalıların təxminən 41 faizi hazırda işğal olunmuş ərazilərin azad edilməsinin təxirə salınması və Aİ-yə girməklə NATO-ya üzvlüyün qadağan edilməsi variantı ilə razılaşır. Eyni zamanda, 47 faiz üçün bu seçim qəti şəkildə qəbuledilməzdir. Qeyd olunur ki, iyunda respondentlərin 38 faizi bu variantı qəbul etməyə hazır idisə, 54 faiz qəti şəkildə bunun əleyhinə olmuşdu.
İşğal olunmuş ərazilərin azad edilməsi təxirə salınsa belə, Aİ-yə üzvlüklə yanaşı NATO-ya üzvlüyün də daxil olduğu variantı ukraynalıların 64 faizi dəstəkləməyə hazırdır, 21 faiz isə qəti şəkildə bunun əleyhinədir. İyun ayında 47 faiz bu variantı dəstəkləməyə hazır idisə, 38 faiz qəti şəkildə bunun əleyhinə çıxırdı.
Respondentlərə təklif edilən üçüncü variantı - NATO və Aİ-yə üzvlük və Xerson ilə Zaporojyenin azad edilməsi, habelə Donbas və Krımın azad edilməsinin təxirə salınmasını rəyi soruşulanların 60 faizi dəstəkləyib, 26 faiz qəti şəkildə bunun əleyhinədir. İyun ayında bu göstərici müvafiq olaraq 57 və 33 faiz təşkil edirdi.
Qeyd edək ki, sorğu 2024-cü il dekabrın 2-17-si aralığında mobil telefon nömrələrinin təsadüfi seçilməsi əsasında telefon müsahibələrindən (computer-assisted telephone interviews, CATI) istifadə edilməklə aparılıb. Sorğuda 2 min respondent iştirak edib.