Ukraynanın son aylar intensivləşən dron və raket hücumları Rusiyanın enerji infrastrukturuna ciddi zərbə vurub. Neft emalı zavodlarının sıradan çıxması Moskvanın həm iqtisadi, həm də sosial mühitinə təzyiq göstərir.
Müxtəlif hesablamalara görə, Rusiyanın emal potensialının təxminən 1/5-i itirilib, bu da bəzi vilayətlərdə yanacaq çatışmazlığına və qiymət artımına səbəb olub. Enerji resurslarının daxildə məhdudlaşması həm gündəlik həyatın ritmini pozur, həm də hərbi sənayenin dayanıqlığına təsir göstərir.
Lakin bu böhranın avtomatik şəkildə 1917-ci ilin fevral inqilabına bənzər bir çöküşlə nəticələnəcəyini düşünmək sadələşdirilmiş yanaşmadır. O dövrdə inqilabi hərəkətə gətirən əsas faktor çörək qıtlığı idi. Üstəlik, Birinci Dünya müharibəsindəki ağır itkilər və çarın uğursuz idarəçiliyi cəmiyyətdə etimadı sarsıtmışdı. İndiki şəraitdə isə yanacaq böhranı hələlik ərzaq çatışmazlığına çevrilməyib və Kreml cəmiyyət üzərində ciddi nəzarət mexanizmlərini qoruyur.
Eyni zamanda, müharibənin davam etməsi paradoksal şəkildə Rusiyadakı siyasi elita üçün mövcud vəziyyəti saxlama imkanı yaradır. Hərbiləşdirilmiş iqtisadiyyat ordunun və dövlət strukturlarının maraqlarına cavab verir, korrupsiya kanallarını genişləndirir və ictimai narazılığın səslənməsini çətinləşdirir. Qərbin sərt sanksiyaları SSRİ dövründəki kimi tam təsir göstərmir, çünki bu dəfə Moskva Çin və Hindistanla əməkdaşlıq sayəsində alternativ bazarlar qazanıb.
Buna baxmayaraq, uzunmüddətli perspektivdə enerji sektorunda yaranan zərər sosial-iqtisadi sabitliyə daha dərin təsir göstərə bilər. Müharibənin uzanması gənc nəsli itkilərə məruz qoyur, miqrasiya axınını artırır və əhalinin sosial resurslarını tükəndirir. Əgər iqtisadi daralma kəskinləşərsə, işsiz ordusunun yaranması və etnik zəmində gərginliklərin artması 1917-ci ilə bənzər genişmiqyaslı narazılıqların zəmini ola bilər.
Beləliklə, Ukraynanın enerji hədəflərinə yönəlmiş hücumları qısamüddətli perspektivdə Rusiyanı sarsıtmaqla yanaşı, uzunmüddətli davamlılıq məsələsini də gündəmə gətirir. Amma inqilabi ssenarinin reallığa çevrilməsi üçün sadəcə neft emalı zavodlarının vurulması kifayət etmir. Sosial böhran, ərzaq çatışmazlığı və siyasi legitimliyin tam çöküşü kimi əlavə faktorların da formalaşması tələb olunur.
Züriyə Qarayeva