Əvvəllər sosial şəbəkələrdə fenomen olan yeniyetmə və gənclərlə rastlaşırdıq, indi isə estafeti azyaşlılar götürüb. Belə ki, bütün sosial şəbəkələrdə yeni doğulandan tutmuş ibtiai sinifdə oxuyana qədər azyaşlılar görürük. Təəssüf ki, bu uşaqlar heç də nümunəvi davranışları ilə məşhurlaşmayıb.
Sözügedən uşaqlar yaşlarından böyük davranışlar sərgiləyir, uşağa yaraşmayan qeyri-etik hərəkətlər edirlər. Bu hal cəmiyyətdə böyük narahatlıqlara yol açıb.
Günay Kərimi: Ailədə doğru tərbiyə görməyən uşaqlar yaşlarına uyğun olmayan hərəkətlər edirlər
Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, el arasında bir söz var, uşaq evin aynasıdır:
“Bu söz elə belə deyilməyib. Hər bir uşaq doğulduğu ailədə tərbiyə alır, öyrənir, inkişaf edir, bir fərd kimi formalaşır. Ailədə nənə-baba varsa, onlar da uşağın formalaşmasında böyük rol oynayır”.
Onun sözlərinə görə, bəzən uşaqlar möhkəm təməllər üzərində qurulmayan ailələrdə böyüyürlər. Belə uşaqlar bağçaya, məktəbə gedəndə, sosiallaşanda neqativ davranışlar sərgiləyərək digər uşaqlara da təsir edirlər:
“Çünki uşaqlar kiçik yaşlarda daha götürümlü olur, yaxşı və pis davranışları təkrar edirlər”.
Psixoloq bildirib ki, ailədə doğru tərbiyə görməyən uşaqlar yaşlarına uyğun olmayan hərəkətlər edirlər:
“Valideynlər uşaqlarının hər anında yanlarında olmalı, onları sevgi və qayğıdan məhrum etməməlidirlər. Övladlarınızı başqa uşaqlarla müqayisə etməyin, alçaltmayın, şiddət göstərməyin. Onlara daim nə qədər dəyərli olduqlarını hiss etdirin. Belə olduqda cəmiyyətə sağlam təfəkkürlü, tərbiyəli, təhsilli övladlar verə bilərik”.
Elnur Rüstəmov: Etnik və coğrafi xüsusiyyətlərinə görə uşaqlar "fərqli dünyalarda" böyüyürlər
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, həyat - başlanğıcın tonunu təyin edən bir hekayədir:
“Bu yolun sonu yetkinlikdir. Hekayənin başlanğıcı isə uşaqlıq illərini əhatə edir. Uşaqlıq və yetkinlik bu gün cəmiyyətin əsas problemlərindən biridir. Yetkinlik dövrü qədər uşaqlıq dövrü də günümüzdə mürəkkəb və narahatlıq doğuran bir anlayışa çevrilib”.
Onun sözlərinə görə, bu günün uşaqları keçmiş illərə nisbətən daha çox aktivlik və daha çox fəaliyyətlə məşğuldurlar. Müsahibimiz qeyd edib ki, texnologiyanın inkişafı dövrün tələblərinə kifayət qədər cavab verir. Bəs bu tələblər uşaqların keçmiş illərə nisbətən daha tez böyüməsinə və dünyanı daha tez dərk etməsinə nə dərəcədə səbəb olur? E.Rüstəmov bildirib ki, uşaqların yetkinlik yaşına çatması prosesində bioloji faktorları nəzərə almasaq, bu anlayışı sosial faktor kimi təsəvvür edə bilərik. İnsanların nə vaxt və harada böyüməsindən asılı olaraq, "böyümək" haqqında çoxşaxəli və müxtəlif fikirlər irəli sürülür:
“Bu da uşaqlıq yaşını ölçməyi və ya kəmiyyətini müəyyənləşdirməyi çətinləşdirir”.
Əsas məsələ, biz "daha tez böyümək" fikrini necə başa düşürük?
Psixoloqun sözlərinə görə, Nyu York Təhsil İnkişaf Mərkəzində yerləşən tədqiqat qrupunun baş vitse-prezidenti, Uşaq və Texnologiya Mərkəzinin direktoru Şelli Pasnik qeyd edir ki: uşaqların inkişafının əsas mərhələləri dəyişmir: “Xarici dünya daim dəyişir, lakin uşaqların idrak və emosional mərhələləri eyni qalır”. Pasnik qeyd edir ki, sosial və mədəni mənada “böyümək” ideyasını ölçmək və kəmiyyətcə qiymətləndirmək çətindir. Uşaqlığın mədəniyyətlərarası, linqvistik və inkişaf aspektləri o qədər çoxdur ki, sürətlə böyüməyə və qocalmağa əsas təsir göstərən hər hansı bir faktoru konkret demək mümkün deyil. Məhz bu fikrə əsasən deyə bilərik ki, etnik və coğrafi xüsusiyyətlərinə görə uşaqlar tamamilə "fərqli dünyalarda" böyüyürlər. Daha maraqlısı isə insanlar öz uşaqlıq dövrünü, “daha qayğısız və xoşbəxt illər” kimi təsəvvür edərək ideallaşdırırlar. Ola bilsin ki, bu gün uşaqların daha sürətlə böyüməsindən şikayətlənən valideynlər, onları, heç də reallıqla müqayisə olunmayan, öz gəncliklərindəki baxış bucağı ilə müqayisə edirlər”.
Həmsöhbətimiz qeyd edib ki, digər bir faktor isə ən geniş yayılmış problemlərdən biri olan erkən yaşda sosial media və texnoloji cihazlardan geniş şəkildə istifadə olunmasıdır:
“Əvvəlki nəsillərdən olan valideynlər övladlarının televizora baxmasından narahat olurdusa, yeni nəsildə bu narahatlıq öz yerini sosial media istifadəsi və virtual oyunlarla əvəz edir. Aktiv fəal oyunların olmaması, uşaqların virtual oyunlara artan marağı get-gedə onlarda stress səviyyəsinin yüksəlməsinə səbəb olur. Beləcə, erkən uşaqlıq dövründən yaranan bu stress beynin müəyyən hissələrinin qıcıqlanması nəticəsində daha erkən reaksiyalara səbəb olur. Bununla yanaşı, bu cür stresin gətirdiyi mənfi emosiyalar və aqressiya da uşaqda müəyyən psixoloji narahatlıqlara yol açır. Əsasən, 5-8 yaşlı uşaqlar daha az eqosentrik olurlar və hər şeyi başqasının nöqteyi-nəzərindən görməyə başlayırlar. Onlar, həm də daha çox sosial varlığa çevrilirlər: başqaları və ətraf dünya ilə daha səmimi maraqlanırlar. Bu mərhələdə uşağın dil bacarıqları inkişaf etməkdə olur, belə halda valideynlərin öhdəsinə düşən ən böyük vəzifələrdən biri onları telefon və virtual oyunlardan uzaq tutmaqla, sosial qarşılıqlı əlaqədə olmasına, uşağın verdiyi sualları onu qane edəcək şəkildə cavablandırmağa və yaradıcı oyunlara rəhbərlik etməyə səy göstərməkdir”.
Mütəxəssislər valideynlərə bu yaşda uşaqlar üçün kiçik rutinlər qurmağı, emosional zəkanı inkişaf etdirməyi, rəsm və əmək fəaliyyətini sevdirəcək rollu oyunlardan istifadə etməyi, məktəbdə olan davamiyyətini müntəzəm qorumağı və onun dostluqlar yaratmasına kömək etməyi tövsiyə edirlər. Onların inkişaf yolunda məktəbə adaptasiyası çox mühüm rol oynayır. Bədii və mənəvi yaradıcılıq qabiliyyətlərini ortaya çıxarmaq, onun maraqlarını əhatə edən hobbilər yaratmaq uşaq üçün diqqətin daha yaxşı inkişafına təkan verəcək.
E.Rüstəmov vurğulayıb ki, bununla belə, bu yaş dövrü bəzi uşaqlarda öyrənmə və özünütənzimləmə çətinliklərinin yarandığı əsas yaş dövrüdür:
“Bu problemlər bəzən ailə stresləri və ya çətinliklər kontekstində valideynlər tərəfindən nəzərdən qaçırılır. İnkişaf, adətən, əksər uşaqlarda eyni ardıcıllıqla baş verir, lakin bacarıqlar müxtəlif yaşlarda və ya dövrlərdə inkişaf edə bilər. Əgər uşağınızda hər hansısa nəzərəçarpacaq və davamlı bacarıq itkisi, öyrənmə çətinliyi, diqqət əskikliyi və özününəzarətdə çətinliklər müşahidə edirsinizsə, unutmayın ki, ən yaxşısı erkən müdaxilə və mütəxəssis dəstəyi almaqdır”.
Aytac Aslan