“Müasirliyə, fərqliliyə can atmaq, diqqət mərkəzində və yaxud tam zidd olaraq görünməz olmaq, tənqid edilməmək yeniyetməni davamlı narahat edən düşüncələrdən biridir”.
Bakıvaxtı.az xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı deyib.
Onun sözlərinə görə, valideynlər öz həyat təcrübəsinə əsaslanaraq nəticə çıxara da bilər, yaxud da psixoloji, pedaqoji kitablar oxuyaraq vəziyyətdən çıxmağa çalışa bilərlər:
“Hər iki halda səhvlərin olması ehtimalı qaçılmazdır. Hər kəs ilk dəfə bu dönəmi yaşamalı olur, hətta bu ikinci, üçüncü uşaq olsa belə. Çünki xarakterlər, təcrübələr və qorxular fərqlidir. Yeniyetmələr həyatı tanımağa, öz yerini tapmağa çalışan və öz vacibliyini hiss etmək istəyən şəxslərdir. Bu yolda onlar həm cazibəli, həm də narahatlıq hiss etdirən ətraf aləmlə qarşı-qarşıya gəlirlər. Valideynlər də bu ətraf aləmin bir hissəsidirlər. Bu halda yeniyetmələr üçün həm maraqlı, həm də maraqsız ola bilərlər. Uşaqları tərəfindən tənqid oluna bilərlər. Valideyn üçün də bir səbəbdir ki, balaca uşaq valideyni obrazından bir yeniyetmə valideyn obrazına keçsin”.
Klinik uşaq psixoloqu qeyd edib ki, müasir dövrdə aktual olan, yeniyetməni emosional, intelektual və davranışsal olaraq cəlb edə biləcək bütün yeniliklərlə maraqlanmalıdırlar:
“Yeniyetmələrin tənqid bacarığı sözsüz ki, kəskin, real, haqsız və ya təhqir kimi səslənə də bilər. Bu halda valideynin əsas işi öz daxili zəifliklərini və aqressiyasını üzə vurmamaq bacarığını inkişaf etdirməkdir. Uşaqlarda hormonlar dəyişir, inkişaf edir. İdrakı fəaliyyət zəifləyir, emosional inkişaf və formolaşma sürətlənir. Köhnə duyğu və bacarıqlar yetərsiz olur. Bunlardan azad olmaq üçün bu duyğu və bacarıqları aşılayan və ya hiss etdirən obyeklərdən də uzaqlaşmağa məcburdur.
Valideynlər də bu siyahıda birincidir. Valideyn qorxu və güc obrazından əlavə həmçinin yeniyetmənin ya oxşamaq istədiyi, olmaq istədiyi biri olur, ya aşmaq istədiyi, üstələmək istədiyi, bəyənmədiyi bir obraz olur. Bu valideyn üçün hakimiyyəti itirmək, tərbiyəni pozmaq kimi görünə bilər və sözsüz ki, aqressiya da burdan gələ bilər. Əvvəlki sözə baxan uşaq gedib, yerinə onu tənqid edən hər hansı yetişkini, blogeri və hətta yaşıdını düzgün nümunə kimi sizə qarşı qoya bilər. Siz buna hazır olmaq üçün öz səhvlərini görə bilməli və qəbul etməlisiz. Təkcə bir valideyn kimi deyil, elə sadəcə bir sosial obraz kimi də öz üzərinizdə işləməli və tənqidə hazır olmalısız. Diqqətli olmalı və kənarda müşahidəyə üstünlük verməlisiz”
E.Baxışlı bildirib ki, uşağınızla bağlı əldə etdiyiniz xoş olmayan məlumatlara reaksiyanızı idarə etməli, sosial şəbəkələrdə ailə patformalarında, psixoloqların onlayın çıxışlarında aktiv olub, suallarınızı verə bilərsiz:
“Bundan əlavə oxşar sullar verənləri dinləməlisiz. Uşaqlarınızın yaxın ətrafındakı dostları və yaşıdları ilə, valideynləri bağlı bilikləriniz olmalıdır. Əldə etdiyiniz bilikləri tələsərək uşağınızla paylaşmamalı, amma tədbirlər görməlisiz. Gərəkirsə psixoloqun konsultasiyasını fərdi olaraq almalısız. Uşağınıza və sizə pis nümunə olacaq ailə üzvləri varsa, onların birgə vaxt keçirtməyinizi məhdudlaşdıra bilərsiz”.
Bakı 




