Yanvarın 13-dən 14-nə keçən gecə bir çox ölkədə qeyri-rəsmi şəkildə qeyd olunan Köhnə yeni il təkcə adında deyil, mahiyyətində də maraqlı bir tarixi paradoksu əks etdirir. Rəsmi bayram təqvimində yer almasa da, bu tarix əsrlər əvvəl verilmiş təqvim qərarlarının bu günə qədər uzanan izlərini daşıyır.
Bakıvaxtı.az xatırladır ki, Köhnə yeni ilin yaranması Yulian və Qriqorian təqvimləri arasındakı 13 günlük fərqlə bağlıdır. Eramızın əvvəlindən uzun müddət istifadə edilən Yulian təqvimi zamanla astronomik baxımdan dəqiqliyini itirməyə başlayıb. Bu səbəbdən 1582-ci ildə Papa XIII Qriqori tərəfindən daha dəqiq hesablanan Qriqorian təqvimi tətbiq olunub. Lakin bu keçid bütün ölkələrdə eyni vaxtda baş verməyib.
Rusiya imperiyası və onun tərkibində olan ərazilər, o cümlədən Azərbaycan, yalnız 1918-ci ildə Qriqorian təqviminə keçib. Nəticədə Yulian təqviminə görə 1 yanvar, yeni təqvimdə 13 yanvara təsadüf edib. Məhz bu tarix sonradan “Köhnə yeni il” kimi yadda qalıb.
Sovet dövründə Köhnə yeni il rəsmi status almasa da, məişətdə geniş yayılıb. Xüsusilə şəhər mühitində insanlar bu günü Yeni ilin “davamı” kimi qəbul edib, ailə süfrələri açıb, dostlarla bir araya gəlib. Zamanla bu tarix böyük şənliklərdən çox, nostalji və sakitliklə assosiasiya olunan bir günə çevrilib.
Azərbaycanda Köhnə yeni il əsasən sovet mədəni mühitinin təsiri ilə tanınıb. Bu gün də bəzi ailələr 13 yanvar axşamı süfrə açır, bir-birini təbrik edir, ötən ilin yarımçıq qalan arzularını yada salır. Xalq arasında Köhnə yeni il bəzən “ikinci dəfə yeni il” və ya “son ümid gecəsi” kimi də xarakterizə olunur.
Hazırda Köhnə yeni il daha çox Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Serbiya və keçmiş SSRİ məkanında xatırlanır. Rəsmi təqvimlərdən çıxsa da, mədəni yaddaşdan silinməyən tarixlərdən biri olaraq qalır.
Beləliklə, 13 yanvar təkcə bir tarix deyil, təqvimlərin, imperiyaların və zaman anlayışının dəyişməsinin simvoludur. Köhnə yeni il isə bu dəyişikliklərin insan həyatında buraxdığı səssiz, amma yadda qalan izdir.
Zeynəb Rzayeva
Bakı 




