İranda baş verənləri istər daxildə, istərsə də xaricdə sosial vəziyyət və ya situativ olaraq, yerli valyutanın dəyərdən düşməsi ilə əlaqələndirirlər.
Təbii ki, İranda sosial vəziyyət olduqca ağırdır və uzun illərin özünütəcrid siyasəti iqtisadiyyata çox ağır zərbələr vurub, buna müvafiq olaraq da sosial durum acınacaqlı vəziyyətdədir.
Amma...
Bu hadisələr doğrudanmı sosial vəziyyət və ya yerli valyutanın dəyərdən düşməsi ilə bağlıdır?
Əsla...
Sadə bir fakt yetərlidir ki, bu aksiyalara hazırlığın uzun müddətdir, aparıldığını iddia edək.
Proseslərin ilk günündən etirazçıların əlində şah rejiminin bayraqları var.
Situasiyadan doğan etirazlarda bu cür hazırlıqları görmək məntiqə uyğun deyil.
Demək ki, uzun müddətdir, hazırlıq görən şahçılar optimal vaxtda, həm də əvvəlkilərdən daha kütləvi meydanlara çıxdılar, hazırlıqlı, şüarları, bayraqları bəlli şəkildə.
Xarici ölkələrdə dərhal eyni bayraqlarla şahçılar yenə ortada oldular.
Varis Pəhləvi daha ciddi bəyanatlar və çağırışlar etdi və etməkdə də davam edir.
İran sərhədinə yaxın ölkələrə səfərdən belə çəkinmir. Halbuki uzun illər rejimin terrorundan ən çox qorxan şəxslərdən birincisi idi.
Şahçılar kimdən bu qədər ilhamlanıblar?
Təbii ki, ilk ağla gələn dövlətlər ABŞ və İsraildir. Onların İranla bağlı planlarının içində şah rejiminin bərpası ilk sırada gəlir.
Lakin İranın parçalanması elə ABŞ və İsrail üçün ən arzuolunmaz ssenari hesab olunur. Pəhləvi isə birləşdirici fiqur deyil. Teokratik rejimin dəyişməsi İranın bütövlüyünü və stabilliyini şübhə altına alır.
Aksiyalar özü də göstərdi ki, İran daxilindən təkcə rejim dəyişikliyi səsləri gəlmir, müxtəlif xalqların azadlıq şüarları da bərabər yüksəklikdə eşidilir.
Hətta bəzən mitinqlərdə fars və digər xalqların toqquşmaya yaxın insidenti də qaçılmaz olur.
Rejim qərb dairələrinin gözləmə mövqeyindən istifadə edərək, sərt üzünü göstərdi. Qətliamdan çəkinmədi, özü izdihamlı mitinq keçirdi.
Pəhləvi haqqında isə elə Qərb mətbuatında etimadsızlıq yazıları işıq üzü görməyə başladı.
Hər şey bitdimi?
Qəti söz demək çox çətindir, lakin böyük ehtimalla bu etap eniş dövrünü yaşayacaq.
ABŞ və İsrail isə İran məsələsində hələ ki, qərarlı deyillər.
Səbəb?
Nə qədər ki, İsrail dövlətinin təhlükəsizliyi həll olunmayıb, Qəzza problemi çözülməyib, İran ABŞ və İsrailə lazımdır. Belə ki, Qəzza əvvəlcə insansızlaşdırılmalı, Fələstinin nəzarətindən çıxarılmalı, Qəzzanın müqabilində Fələstin hamı tərəfindən tanınmalı, ondan sonra İran öz əhəmiyyətini itirməlidir. O zaman İranın bütövlüyü daha bu dövlətlərin marağında olmaya bilər.
Təbii ki, Türkiyə bu istiqamətdə doğru siyasət sərgiləyə bilsə.
Türkiyə elə hesab edir ki, bu qarşıdurmalar fonunda Rusiya və İranın təbii ehtiyatlarından daha çox pay götürə bilər.
Amma təəssüf ki, unutduğu bir şey var:
Rusiya hər zaman ABŞ ilə birlikdə hərəkət edib. Rusiyanın ən böyük missiyası Avropanı müstəqil və böyük olmağa qoymamaqdır. Bu, ABŞ-nin də ən çox istədiyi siyasətdir. Avropa Amerikanın yanında olmalıdır, lakin ABŞ-dən kiçik və onun himayəsinə sığınmış vəziyyətdə.
Rusiya təhdidi olmasa, Avropa müstəqil və böyük gücə çevrilə bilər.
Demək, Türkiyənin gözləntiləri əbəsdir.
Bu məsələdə Türkiyə Amerika və İsraillə daha asan dil tapa və maraqlarını təmin edə bilər.
Qəzzanı ilk satanlar da ərəb ölkələridir. Bunu da Türkiyədə bilməmiş deyillər. Hətta satıldığı və nəticələrin necə olacağı da hamıya bəllidir.
Bəs onda nədən Türkiyə müqavimət göstərir? Daha çox pay almaq, daxildə müsəlman elektoratını itirməmək, yoxsa nə?
Hər ikisi var, sadəcə barıtını bir az çox edərək, ləngiyib, "yedək" oyunçuya çevrilirlər.
Gələk, Güney Azərbaycan məsələsinə...
Güney Azərbaycan gec-tez İrandan ayrılacaq, müstəqil dövlətini quracaq.
Amma bunun üçün mütləq Türkiyə və Azərbaycan hərəkətə keçməlidir.
Bu, təkcə güneylilərin həll edəcəyi və ya onların məsələsi deyil.
Bu barədə ayrıca müzakirəyə ehtiyac var.
Hələlik isə, rejimin yumşalması və gələcək dəyişiklik üçün bir etap da başladıldı. Təəssüf ki, çoxsaylı insan itkisi oldu, amma necə deyərlər, azadlıq qanla alınır.
Qəzzanın İsrail nəzarətində olması və Fələstindən alınması Yaxın Şərqdə yeni dövrün başlanğıcı olacaq.
Hələlik isə...
Qəzzada son döyüşə hazırlıq gedir...
Bakı 




