• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yuxu payı - GERÇƏK HEKAYƏ

CƏMİYYƏT

03 Oktyabr 2021 | 13:06

Yuxu payı - GERÇƏK HEKAYƏ

Rəşiddən danışacağam... Bu gün qəhrəman zabitimiz baş leytenant Rəşid Məlikovun ad günüdür. 43 yaşın mübarək olsun, inşallah, əziz qardaşım.

Müharibə dönəmində qəribə pozitiv aurası var idi qardaşım Rəşidin. Ən stresli anlarda Rəşidlə danışarkən büsbütün təlx olmuş halın düzəlirdi.

Təbiətcə cox şən adamdır, onu hamı çox istəyirdi. Hərdən "paxıllığım" da tuturdu ona.

Könüllü, 3 övladını təlim adı ilə aldadıb orduya gəlmişdi Rəşid. 

Hərdən sual verirdim ki, Rəşid, axırımız nə olacaq? Gülə-gülə deyirdi ki, hamımız öləcəyik. Deyirdim ki, bəs niyə sevinirsən? Rəşid üzümə baxıb düşünür, ciddi şəkildə: "Zato" kişi kimi öləcəyik”, – deyirdi. 

Oktyabrın axırına qədər gecə yatmaq haqda heç düşünmürdük də. Çünki gecə də atəş tapşırığı gəlirdi. Həm də Hadrutda ilk günlərdə 5 əsgərimiz ağır yaralanıb hospitala göndərildiyi üçün işimiz adambaşına düşən vəzifə cəhətdən bir az da artmışdı. Zabit-gizir heyəti də əsgərlərə qoşulub səngər qazır, mərmi daşıyır, qida tədarükü görürdü. Sakitçilik olanda isə kimisi ağaca söykənmiş, kimisi qaya dibində, kimisi də dərə-yarğan yatağında oturduğu yerdə 1-2 saat mürgüləyir, sonra isə yuxudan oyadılıb patrul novbəsini yerinə yetirirdi. 

Çöldə səngərdə yatmağın özünəxas problemləri var idi. Ayılanda görürdün ki, bütün üst-başın şehdən yaş olub. Yaxud gözlərin açıq olsa da, ilk 3-4 dəqiqə ərzində beynin hələ də ayılmır, başa düşə bilmirdin ki, haradasan.

Noyabrın ilk günləri idi. Topxana meşələrində qərara gəldik ki, deyəsən, müharibə hələ uzun çəkəcək, gecə iki saat da olsa, sistemli yuxu problemini həll etməsək, dəli olacağıq. Odur ki, gecə 12-yə qədər kombat, 12-dən 2-yə qədər Rəşid, 2-dən 4-ə qədər mən, 4-dən 6-ya qədər isə gizir Ağayev patrul cavabdehliyini daşımalı olduq...

İlk dəfə idi ki, "spalniy meşok"da yatası oldum. Balaca daşı başımın altına yastıq əvəzi etdim... İlahi, o an həmin "spalniy meşok" ömrümdə ən rahat yataq idi mənim üçün. O qədər şirin gəlirdi ki ...

  Ətrafımda mənfur ermənilərin xəyanətkarcasına atıb getdiyi itlər dolaşırdı. Düşünürdüm ki, birdən gecə üzümü dişləyər və ya ən yaxşı halda sifətimi yalayarlar. Hadrutda bir əsgərin başına gələn hadisə hələ də yadımdan çıxmamışdı: Hadrutda atəş mövqeyində səngərdə əsgərimiz gecə yuxudan ayılıb qışqırır ki , Nicat, üzümü niyə yalayırsan? Sonra görür ki, nə Nicat, üzünü it yalayır.

 Gözüm göylərdə idi. Həmin gün səma aydın idi. Ulduzlar sayrışır, sanki Allah tərəfindən bizim üçün missiya aldıqlarını deyirdilər. "O, deyəsən, ulduz deyil axı, deyəsən, düşmən dronudur. Durum bəlkə? Yox, kombatın "Diqqət, hərəkətsiz olun, göydə dron var!" cümləsini eşitmədim axı. Deməli, dron deyil, ulduzdur. Yox, bu deeyy, bu, düşmən dronudur. Yox bu da ulduzdur, gör, neçə dəqiqədir ki, yerindədir. Bu, deyəsən ...

Qəfil ayıldım. Əvvəlcə harada olduğumu dərk eləmədim. Bir neçə dəqiqədən sonra yavaş-yavaş anlamağa başladım ki, meşədəyəm. Və nəhayət, beynim tam ayıldı: cəbhədəyəm, sadəcə, gecə yuxu istirahətinə çıxmışam. Birdən saata baxdım, saat 4-ə qalırdı. Mən 2 saata yaxın "artıq" yatmışdım. Bəs Rəşid hanı?

Rəşid hələ də patrulları yoxlayırdı. Mən soruşanda ki, niyə məni oyatmamısan: “Vallah, elə şirin yuxuya getmisdin ki, oyatmağa qıymadım”, – dedi. 

O qaranlıq meşədə, müharibə şəraitində, özü son həddə yorğun olduğu halda, Rəşid mənə bir qardaşın qardaşına verə biləcəyi ən dəyərli hədiyyəni – öz yuxu payını vermişdi.   

(Şəkildə sağdan ayaq üstə ikincidir.) Bu şəkildəki məkan Qırmızı bazar qəsəbəsi ilə üzbəüz, Şuşaya gedən gizli meşə yoludur.

Vüsal Hətəmov

Bakıvaxtı.az


Yuxu payı - GERÇƏK HEKAYƏ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026