“Digər məhsullarən qiyməti qəpik-qəpik artır, amma yuyucu məhsullar bir neçə manat birdən bahalaşır”. Son zamanlar bu tipli şikayətləri daha tez-tez eşidirik.
Bu qədər bahalaşmaya səbəb nədir?

Eyyub Hüseynov, AİB sədri
Azad İstehsalçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, son bir ayda yuyucu, o cümlədən kosmetik məhsulların qiymətinin dəfələrlə bahalaşması barədə rəhbərlik etdiyi quruma istehlakçı zəngləri daxil olur: “Araşdırmalar göstərir ki, balaşmanın müəyyən obyektiv səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, MDB ölkələri ilə Azərbaycan arasında xüsusi müqavilə var. Bu məhsullar idxal vergisindən azaddır. Həmin mallar MDB ölkələrindən də, əsasən Rusiyadan daxil olur. Rusiyadan daxil olmadığı üçün birbaşa digər ölkələrdən gəlir, 15% idxal vergisinə cəlb olunur. Üstəlik, Rusiyadan ona görə birbaşa daxil olur ki, bu məhsulları istehsal edən bəzi şirkətlərin Rusiyada zavodları var, Rusiyaya isə embarqolar qoyulub. Ona görə də, bu mallar ordan Azərbaycana gəlmir. Xaricdən birbaşa gələn malların qiyməti isə orada da bahadır, maya dəyəri də yuxarı qiymətə gəlir. Bu səbəbdən, xarici ölkələrdən birbaşa gələn mallar Azərbaycanda, həm də idxal vergisinə cəlb olunur”.
AİB sədrinin sözlərinə görə, hətta bəzi mallarda son 4-5 ayda 2-3 dəfə qiymət artımı müşahidə olunur: “Bununla paralel, bu cür malların yerli istehsalı da mövcuddur. Nisbətən müasir üsullarla sertifikatlaşdırılmadan keçməklə istehsalı da var, bəziləri isə Sumqayıt ətrafında qeyri-qanuni sexlərdə istehsal olunur”.
E.Hüseynov deyir ki, yerli malların da istehsalında müəyyən artım mövcuddur. Lakin ümumilikdə xaricdən gələn məhsullarla müqayisədə yerli malların qiyməti xeyli aşağıdır: “Yerli malların qiymətinin qalxmasındakı səbəb xaricdən alınan xammalın qiymətində 30-35 faiz artımın olmasıdır. Onu da qeyd edim ki, yerli yuyucu məhsulları heç də xaricdən gələn mallardan geri qalmır. Təəssüflər olsun ki, əhali bəzən xaricdən gələn mallara üstünlük verir və baha alır. Əhalini yerli mallara üstünlük verməyə çağırıram”.
Həmsöhbətimiz vurğulayıb ki, üstəlik, neft məhsullarının qiyməti də arttıb: “Bu cür malların istehsalında bəzən neft məhsullarının komponentləri olur, bu da qiymətə təsir edir”.
Bazarın tələb və təkliflə formalaşdığını deyən Hüseynov bildirir ki, heç bir dövlət orqanının qiymətlərə təsir etmək istiyarı yoxdur: “Dövlət orqanları yalnız əllərində olan inzibati səlahiyyətlərdən istifadə edib vergiləri azalda bilər, lakin istehlakçıların yuyucu məhsulların qiymətinin 2-3 dəfə artması ilə bağlı böyük narazılığı var”.

Xalid Kərimli, iqtisadçı-ekspert
İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a bildirib ki, birinci səbəb bazarda inhisarçı mövqedə olan idxalçıların qiymət üzərində oynamasıdır: “Hökumət gərək süni qiymət deyəndə idxal, istehsal inhisarçıları, məhz monopolislərin üzərində nəzarətçi formalaşdırsın. Bütün mağazalarda eyni yuyucu məhsul satıla bilər, ancaq bunu ölkəyə bir şəxs gətirir. Bunun üçün də ciddi nəzarət edilməli, insanların yoxsullaşdırılmasının qarşısını almaq lazımdır”.
Onun sözlərinə görə, son zamanlar qiymət artımında bir stabilləşmə var: “Lakin bir məsələ də var ki, məhsul qiyməti xaricdə dəyişdikdən sonra ölkəyə gəlib çatması bir neçə ay vaxt aparır”.
Ekspert qeyd edib ki, bu da idxalçıların dərhal qiymət dəyişməsinə imkan vermir: “Sən ucuz almısansa, ucuz, baha almısansa, baha satmalısan, amma sən baha aldıqdan sonra xaricdə ucuzlaşıbsa, dərhal ucuzlaşdırmısan. Çünki əlində baha məhsul olmuş olur. Yəni, bunu xaricdə istehsal edənlər də qiyməti qaldırıb. Bu prosesdən sui-istifadə edilməməsi üçün nəzarət artmalıdır”.
Hazırda dünyada daşıma xərclərinin kəskin ucuzlaşması prosesinin getdiyini deyən iqtisadçı, ölkədə bu artımın bir neçə aya dayanacağını güman edir.
Aytac Aslan
















