Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin hesabat dövründə gördüyü işlərlə bağlı 2025-ci ilin ilk yarısının nəticələrinə dair müşavirə keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, müşavirədə idarənin əldə etdiyi nəticələr əsasında mövcud irəliləyişlər və qarşıda duran hədəflər müzakirə edilib.
Baş İdarənin rəisi Read Qasımov hesabat dövründə görülən işlər – son 6 ay ərzində paytaxtımızın Baş planının icrası istiqamətində atılan mühüm addımlar, hazırlanan yeni şəhərsalma layihələri, ictimai məkanların yenilənməsi və qorunması, eləcə də Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi sahəsindəki əhəmiyyətli irəliləyişlər barədə ətraflı məlumat verib. Həmçinin Bakı şəhərinin müxtəlif ərazilərində qanunsuz tikinti və ictimai sahələrin zəbtinə qarşı şəhərsalma nəzarəti çərçivəsində monitorinqlərin gücləndirildiyini bildirib.
Read Qasımov gələcək hədəflər sırasında çevik və şəffaf idarəetmə, tikinti və istismara icazələrin verilməsində şəffaf mexanizmlərin genişləndirilməsi, ictimai iştirakçılığın artırılması, şəhərsalma nəzarətinin daha da təkmilləşdirilməsi və ən əsası, şəhərimizin memarlıq siması, mədəni irsi və şəhər kimliyinin qorunmasının prioritet olaraq qaldığını vurğulayıb.
Sonda əməkdaşlar da öz təklif və təşəbbüslərini səsləndirib, vacib məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.