Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiyaya planlaşdırılan səfəri Azərbaycanın həm Qoşulmama Hərəkatındakı fəaliyyətinin, həm də Balkan ölkələri ilə münasibətlərinin davamı kimi qiymətləndirilə bilər. Onun avqustun 31-dən sentyabrın 1-dək Belqradda keçiriləcək konfransda Azərbaycanı təmsil etməsi Bakının çoxtərəfli diplomatiyaya verdiyi önəmi göstərir. Səfər parlament diplomatiyasının xarici siyasətin mühüm vasitələrindən birinə çevrildiyini də nümayiş etdirir.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində fəal təşəbbüslərlə çıxış edib. Pandemiya dövründə göstərilən həmrəylik, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi və neokolonializmə qarşı mövqe Azərbaycanın təşkilat daxilində siyasi çəkisini artırıb.
Belqrad konfransı həmin xəttin davam etdirilməsi üçün yeni imkan yaradır.
Azərbaycan nümayəndə heyətinin konfransda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərini önə çıxaracağı gözlənilir. Müasir beynəlxalq münasibətlərdə bu prinsiplərin bəzən seçici şəkildə tətbiq olunması Qoşulmama Hərəkatına üzv ölkələrin əsas narahatlıqlarından biridir. Bakı isə beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni qaydada işləməli olduğunu ardıcıl şəkildə bildirir.
Səfərin digər mühüm tərəfi Azərbaycan–Serbiya əlaqələri ilə bağlıdır.
İki ölkə arasında münasibətlər qarşılıqlı hörmətə və bir-birinin ərazi bütövlüyünün dəstəklənməsinə əsaslanır. Sahibə Qafarovanın Serbiya rəsmiləri ilə keçirə biləcəyi görüşlər parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, siyasi dialoqun daha da dərinləşməsinə xidmət edə bilər.
Azərbaycan və Serbiya enerji, nəqliyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı artırmaq üçün geniş imkanlara malikdir.
Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Belqrad üçün də maraq doğurur. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi layihələrin həyata keçirilməsinə və işgüzar dairələr arasında əlaqələrin genişlənməsinə əlverişli zəmin yaradır.
Bütövlükdə, Sahibə Qafarovanın Belqrad səfəri yalnız beynəlxalq konfransda iştirak kimi qiymətləndirilməməlidir.
Bu səfər Azərbaycanın Qoşulmama Hərəkatında qazandığı siyasi mövqeyi qorumasına, Balkan regionunda əlaqələrini genişləndirməsinə və Serbiya ilə strateji tərəfdaşlığını möhkəmləndirməsinə xidmət edə bilər. Belqrad görüşləri Bakının həm çoxtərəfli, həm də ikitərəfli diplomatiyasında yeni təmasların başlanğıcına çevrilə bilər.
Züriyə Qarayeva












