• Bakı C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Böyük ağacın kölgəsi və meyvəsi... - Əkbər Qoşalı yazır
YAZARLAR
12 Fevral 2025 | 10:28

Böyük ağacın kölgəsi və meyvəsi... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

(Kulturoloji yorum. V yazı. Son) 

Mədəniyyət ağacı

Mədəniyyətin formalaşması və ötürülməsi zamana bağlıdır. Mədəniyyətin əsas dəyərləri ən erkən dönəmlərdə, ən azı toplumların ilk addımlarında qoyulub. Zamanında inkişaf etdirilməyən və ya təhrif olunan mədəniyyət sonradan bərpa edilə bilmir. Bu səbəbdən mədəniyyətin qorunması və öyrənilməsi vaxtında aparılmalıdır. Mədəniyyət ilə ağacı - insanın və Tanrının yaratdıqlarını bir araya gətirib, bir qavram olaraq bizdən öncə də işlədiblər, bizimlə eyni vaxtda da işlədirlər, yəqin gələcəkdə də işlədəcəklər. Bir-birinə ən yaxşı yaraşan qavramlardan olsa gərək… Hərdən elə sanarsan, ikisini də  Tanrı yaradıb, yenə Tanrının yaratdığı bizlərsə onları haldan hala salmışıq yaxud kimimiz qorumuş, kimisi qurutmuş, kimisi də “sapı özümüzdən olan balta” ilə çıxış edib…

Eynən ağac kimi - yıxılan mədəniyyətə hücum edən çox olur…

Mədəniyyət zəiflədi və ya dəyərdən düşdü deyə düşünüləndə, ona qarşı dış müdaxilələr artmağa başlayır. Güclü mədəniyyətlər öz varlıqlarını, dəyərlərini müdafiə edə bildikləri üçün təsir alanlarını genişləndirir. Zəifləmiş mədəniyyətlər isə başqa mədəniyyətlərin təsiri - kölgəsi altına düşür.

Mədəniyyətə qarşı (da) ən böyük təhdid içəridən gəlir. - Qurd ağacı içindən yeyər… 

Mədəniyyətlərin çöküşündə dış amillərdən çox iç çatışmazlıqlar rol oynaya bilər. Mədəniyyətin içində yaranan sabitsizlik, təfriqə və mədəniyyəti danan yanaşmalar onun dağılmasına səbəb ola bilər. Bayaq yada saldığımız “sapı özümüzdən olan balta” anlayışı burada mədəniyyətin öz içindən zərbə almasını simvolizə edir...

Ulu mədəniyyətlər çətin dönəmlərdə yetişir.

Mədəniyyətin dərinləşməsi və böyüməsi çətinliklərdən, mübarizələrdən keçir. Hər böyük mədəniyyət, onun tarixində keçdiyi ağır sınaqlar sonucunda formalaşır və güclənir. Çətinliklərdən çıxan mədəniyyətlər daha dayanıqlı və universal olur.

Mədəniyyət öz dərin kökləri ilə var olur, ucalır. Ağac kimi ağavları - bizim “ayağı torpaqda, başı Günəşdə” olan qoca palıdları yada salın. Yaxud Tovuzdakı “Beşbarmaq çinar”, Şəki Xan Sarayı önündəki qoca çinarlar, qardaş Türkiyənin Bursa şəhərindəki İnkaya çinarı, ABŞ-ın “General Şerman”ı, “Sekvoyya”sı, “Qiperion”u, habelə mamont ağacları yaxud “Adəm ağacı” bu yerdə örnək gətirilə bilər… Ağaclar kimi, təbiət kimi mədəniyyətlərin, “ikinci təbiət”in də öz taleyi, kökü-köməci, budağı, yarpağı və nəhayət, məhsulu, meyvəsi vardır…
Hər bir mədəniyyət öz tarixindən, gələnəklərindən bəslənir. Tarixi və kökləri ilə bağlarını itirən mədəniyyət (necə deyərlər) özünü itirir və inkişaf edə bilmir. Bu səbəbdən, mədəniyyətin köklərini tanımaq və ona bağlı qalmaq inkişafın əsas şərtlərindən biri sayılır.

Mədəniyyət öz fərqliliyini əsasən nəyin əsasında yaxud necə göstərir? - Əlbəttə, öz zənginlikləri ilə.

Bir toplumun mədəniyyəti onun sənəti, ədəbiyyatı, gələnəkləri və dilində əks olunur. Necə ki ağac yarpaqları ilə gur görünür, mədəniyyət də öz komponentləri ilə bütövlükdə bir gözəllik təqdim edir. Mədəniyyətin inkişafı onun müxtəlif sahələrinin harmoniyası ilə mümkündür.

Mədəniyyətlərin inkişafı uzunmüddətli və sabit bir sürəcdir. Onlar hər hansı ani təsirlərdən yox, zamanla formalaşan sabit dəyərlər və irs əsasında böyüyür. Mədəniyyət ağacının da yaz fəslini gözləmək üçün toxtaqlıq və öz işini layiqincə görmək vacibdir.

Meyvəli mədəniyyəti daşlayarlar... - Eynən, “bar verən ağaca daş atarlar” örnəyində olduğu kimi…
Uğurlu və məhsuldar mədəniyyətlər həsəd obyektinə çevrilir. Başqa toplumlar və ya güclər belə mədəniyyətlərə qarşı təzyiq göstərə yaxud özününküləşdirmə istəyində buluna bilər. Lakin bu, həmin mədəniyyətin dəyərini azaltmır, əksinə, onun təsir dairəsinin genişliyini sübut etmiş olur.

Hər mədəniyyət öz mühitində inkişaf edir. - Daş öz yerində ağardır… Elə ağır ki, vaxt keçər, zaman ötər, bir də görərsən, üstündə ağac budaqlanır…
Mədəniyyət öz coğrafi, sosial və tarixi mühitindən asılı olaraq formalaşır. Uyğun mühitdə inkişaf etməyən mədəniyyət çökər və ya başqa təsirlər altına düşə bilər. Bu səbəbdən mədəniyyətin qorunması üçün onu doğuran ortamı dəstəkləmək alternativlərin ən yaxşısıdır.

İnsan yaşamının hər anında mədəniyyətə möhtacdır.

İnsan 7-dən 77-yə, daha doğrusu, beşikdən məzara qədər mədəniyyətlə iç-içədir. Uşağın ilk oyuncağından tutmuş, son mənzilə qədər hər şey mədəniyyətin hissələridir. Mədəniyyət yalnız əyləncə deyil, həm də yaşamımızı yönləndirən dəyərlər sistemidir. İnsanların mədəniyyətə (necə deyərlər) yalnız tükətim obyekti kimi deyil, həm də irsi və gələcəyi qurmaq vasitəsi kimi baxması önəmlidir.

Beləliklə, 

Mədəniyyət ağacı dərin köklərə, zəngin şaxələrə və uzunömürlü sabitliyə malik bir varlıq kimi təsəvvür edilə bilər. İnsanların mədəniyyətlə bağları yalnız tükətimdən ibarət olmamalıdır; onlar Mədəniyyət ağacının böyüməsinə töhfə vermək və onun himayəsində özlərini tərbiyə etmək durumundadlr.

Mədəniyyət ağacımız yaşıl, mədəniyyət bayrağımız uca olsun!


SON XƏBƏRLƏR