Böyük Britaniyada Mançester, Şərqi Midlend və Londonun Stensted hava limanları kiberhücuma məruz qalıb. Nəticədə hakerlər təxminən 8,7 milyon müştərinin məlumatlarına çıxış əldə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
“Bu üç hava limanını idarə edən “Manchester Airports Group” (MAG) şirkəti bildirib ki, kiberhücum həyata keçirmiş şəxslər istifadəçilərin elektron poçt ünvanlarını, telefon nömrələrini, avtomobillərin qeydiyyat nömrələrini və poçt indekslərini ələ keçiriblər”, - deyə materialda qeyd olunur.
Bildirilib ki, insident avtomobil dayanacağında yer rezervasiyası, biznes zallarına giriş, təhlükəsizlik yoxlamasından sürətli keçid xidmətləri və hava limanlarının ərazisindəki Wi-Fi şəbəkələrində qeydiyyatla bağlı məlumatlara təsir edib.












