Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ruandalı həmkarı Pol Kaqame ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Ruanda ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub.
Ərdoğan iki ölkə arasında ticarət və investisiya sahələrində müsbət irəliləyişlərin əldə edildiyini bildirib. O, müdafiə sənayesi başda olmaqla, bir sıra istiqamətlərdə birgə fəaliyyətin davam etdiriləcəyini qeyd edib.
Türkiyə Prezidenti Ruanda ilə Konqo Demokratik Respublikası (KDR) arasında gərginliyin azaldılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Ərdoğan iki ölkənin konstruktiv mövqeyini davam etdirməsinin müsbət hal olduğunu və Türkiyənin bu prosesə dəstək verdiyini ifadə edib.
Xatırladaq ki, Ərdoğan bu gün KDR Prezidenti Feliks Çisekedi ilə də telefon danışığl aparıb. O, KDR-in şərqində davamlı sülhün təmin olunmasına yönələn prosesləri dəstəklədiyini bildirib.












