İsveç Kiyevə dəstək məqsədilə əlavə 270 milyon İsveç kronu (təxminən 28,3 milyon ABŞ dolları) ayıracaq və bu vəsait əsasən Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) gücləndirilməsinə yönəldiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin saytındakı bəyanatda qeyd olunub.
Məlumata görə, İsveç Silahlı Qüvvələrinə vəsaitləri müxtəlif fondlara və təşəbbüslərə köçürmək tapşırılıb. Xüsusən də, ölkə NATO tərəfindən əlaqələndirilən PURL təşəbbüsü çərçivəsində əlavə 14 milyon ABŞ dolları yönəldəcək.
"İsveçin dəstəyi əhəmiyyətlidir və uzunmüddətli xarakter daşıyır. O, Ukraynanın ehtiyac və prioritetlərinə əsaslanır. PURL təşəbbüsü çərçivəsində Kiyev prioritet sayılan Amerika silahlarına, o cümlədən Ukraynaya Rusiyanın davam edən hücumlarından müdafiəsini davam etdirməyə imkan verən hava hücumundan müdafiə vasitələri və döyüş sursatlarına sürətlə çıxış əldə edə bilər", - İsveçin müdafiə naziri Pol Yonson bildirib.
Qeyd olunub ki, yeni paketə Ukraynanı davam edən hücumlardan qorumaq üçün mühüm əhəmiyyət kəsb edən müasir HHM sistemləri və sursatlar daxildir.
İsveç PURL təşəbbüsünə beşinci dəfə töhfə verir. Yeni maliyyə vəsaiti nəzərə alınmaqla, ölkənin bu proqram çərçivəsində ayırdığı ümumi məbləğ 552 milyon dollara çatıb.












