Uşaqlar da daxil olmaqla geniş istifadə olunan tanınmış diş pastası markalarının tərkibində ağır toksik metalların mövcudluğu müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Lead Safe Mama adlı müstəqil təşkilat yayıb.
Bildirilib ki, qurğuşun zəhərlənməsinin qarşısını almaq məqsədilə təşkilat ümumilikdə 51 fərqli diş pastası məhsulunu laborator analizə göndərib. Nəticələr isə ciddi narahatlıq doğurub.Dailymailin yaydığı məlumata görə, test olunan məhsullar arasında Crest, Colgate, Sensodyne, Orajel, Burt’s Bees, Tom’s of Maine və Hello kimi dünyaca məşhur brendlər də yer alıb.
Araşdırmanın nəticələrinə əsasən, məhsulların 90%-i qurğuşun, 65%-i arsenik, 47%-i civə, 35%-i isə kadmium tərkibli olub.
Bir çox məhsulda eyni anda bir neçə ağır metalın olduğu bildirilib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu maddələr nörotoksin təsirə malikdir və beyin hüceyrələrinə zərər verə, idrak inkişafına mənfi təsir göstərə, öyrənmə çətinlikləri, otizm əlamətləri, xərçəng, böyrək xəstəlikləri, ürək-damar sistemi pozuntuları və doğuş qüsurları ilə əlaqəli ola bilər.
Qeyd edək ki, bu nəticələr diş pastası seçərkən daha diqqətli olmağın, xüsusilə də uşaqlar üçün istifadə edilən məhsulların tərkibinə xüsusi önəm verməyin vacibliyini bir daha göstərir.
Nuriyyə Musayeva