• Bakı 16° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Oğlumun hər dediyini etdik, indi məni döyür, atasını söyür... -  “Hədsiz güzəşt”in arzuolunmaz nəticələri

CƏMİYYƏT

15 May 2025 | 11:21

Oğlumun hər dediyini etdik, indi məni döyür, atasını söyür... -  “Hədsiz güzəşt”in arzuolunmaz nəticələri

"Mən oğlumu o qədər sevdim, əzizlədim. Əsas da atası. Sup yemir, ancaq ət verdik. Məşğələyə göndəririk. Onu et, bunu et. İndi məni döyür, atasını söyür. Hər sözü deyir. Deyirəm, kaş universitetə girməsin. O girsə, istədiyini ala bilməsək, bizi yaşayan ölü edəcək."

Bakıvaxtı.az xəbər verir ki, bu, sosial şəbəkədə bir ananın yazdığı şərhdir.

Çox təəssüf ki, cəmiyyətimizdə belə hallar baş verir. Bəli, bəzən həddindən artıq sevgi və qayğı arzuolunmaz nəticələrə səbəb olur.

Bəs, uşağın tərbiyəsində valideynlər nələrə diqqət etməlidir ki, nəticədə həddindən artıq qayğı problemə çevrilməsin?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, cəmiyyətdə tez-tez rast gəlinən hallardan biri valideynlərin “çox sevdik, çox əzizlədik” deyərək uşağın bütün istəklərini qeyd-şərtsiz yerinə yetirməsidir.

E.Rüstəmov bunun isə tərbiyə deyil, əslində “həddsiz güzəşt” forması olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, son nəticədə valideynin öz nüfuzunu itirməsinə gətirib çıxarır:

“Paylaşılan rəydə olduğu kimi, uşaq artıq nəinki valideynini dinləmir, hətta onlara qarşı zorakı davranış sərgiləyir. Uşağı sevmək onun hər istədiyini yerinə yetirmək demək deyil. Əsl sevgi, uşağa həyatın qaydalarını, sosial münasibətlərin çərçivəsini öyrətməkdir. Sərhəd qoyulmamış sevgi uşağın eqoist, idarəolunmaz və məsuliyyətsiz böyüməsinə səbəb olur”.

Elnur Rüstəmov: Sərhəd qoyulmamış sevgi uşağın eqoist, idarəolunmaz və məsuliyyətsiz böyüməsinə səbəb olur

Psixoloq nəzərə çatdırıb ki, valideynlər çox zaman uşağın yerinə qərar verir, onun əvəzinə işlərini görür və məsuliyyəti üzərindən götürür. Bi da uşaqda “mənim hər şeyim hazır olmalıdır” düşüncəsini yaradır:

“Halbuki yaşa uyğun tapşırıqlar, gündəlik məsuliyyətlər onun şəxsiyyət inkişafına təkan verir. Bu, valideynlər tərəfindən həyata keçirilməlidir. Bəzən valideynlər uşağın inciməməsi, qəzəblənməməsi üçün hər istədiyinə “bəli” deyir. Unudur ki, “xeyr” demək də tərbiyənin vacib hissəsidir. Bu, uşağın hədd və məhdudiyyətləri tanımasına, frustrasiya ilə mübarizə aparmasına kömək edir”.

Müsahibimiz uşağın valideynə qarşı hörmətsiz və zorakı davranmağa başlamasının artıq ciddi bir siqnal olduğunu burğulayıb. Dediyinə görə, belə hallarda ailədaxili psixoloji dəstək, uşaqla sərhədləri yenidən qurmaq və davranışlara qarşı ardıcıl reaksiya göstərmək mütləqdir.

Psixoloq onu da deyib ki,  uşaqda emosional tənzimləmə çətinlikləri, hirs partlayışları, aqressiv davranışlar müşahidə olunursa, bu, sadəcə tərbiyə problemi deyil, psixoloji problemin göstəricisidir və belə vəziyyətlərdə mütləq psixoloqa müraciət edilməlidir.

“Uşaq tərbiyəsində sevgi ilə yanaşı məsuliyyət, sərhəd, nizam-intizam və qarşılıqlı hörmət vacib komponentlərdir. Tərbiyə uşağı rahat yaşatmaq yox, sağlam və balanslı bir şəxsiyyət kimi formalaşdırmaq prosesidir. Əgər bu elementlər birlikdə mövcuddursa, valideyn-uşaq münasibəti daha sağlam və qarşılıqlı anlayışa əsaslanan bir sistemə çevrilir”,- deyə Elnur Rüstəmov fikrini tamamlayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR