• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Çin-Azərbaycan vizasız rejim modeli digər Asiya ölkələri üçün nümunə ola bilər
İQTİSADİYYAT
17 Iyul 2025 | 12:02

Çin-Azərbaycan vizasız rejim modeli digər Asiya ölkələri üçün nümunə ola bilər

Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin iyulun 16-dan qüvvəyə minməsi digər Asiya ölkələrini, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yerləşən dövlətləri oxşar addımlar atmağa təşviq edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Çindəki nümayəndəliyinin rəhbəri Li Ven CGTN telekanalına bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs regional əlaqələrin yeni mərhələyə keçməsinə, həmçinin Asiyada inteqrasiyanın dərinləşməsinə təkan verəcək:
“Viza rejiminin aradan qaldırılması təkcə turizm və ticarət deyil, həm də iqtisadi əməkdaşlıq, investisiya axınları, mədəni mübadilə və humanitar sahələrdə münasibətlərin genişlənməsinə töhfə verəcək. Bu, turist axınını ildə 40 %-ə qədər artıra və eyni zamanda işgüzar əlaqələrin inkişafına şərait yarada bilər”.

Li Ven qeyd edib ki, Çin-Azərbaycan vizasız rejim modeli inkişafda olan digər Asiya ölkələri üçün nümunə rolunu oynaya bilər:
“İnzibati maneələrin azaldılması Asiyada 2030-cu ilə qədər turizmdən 2,3 trilyon ABŞ dolları həcmində potensial gəlir əldə olunmasının əsas açarlarından biridir”.

Qeyd edək ki, Azərbaycan və Çin Xalq Respublikası hökumətləri arasında müvafiq saziş bu il aprelin 23-də Pekində imzalanıb və iyulun 16-dan qüvvəyə minib.

Sazişə əsasən, Azərbaycan və Çin vətəndaşları etibarlı ümumvətəndaş pasportları ilə digər ölkənin ərazisinə viza tələb olunmadan daxil ola, oradan tranzit keçə və ya ölkədə 30 günədək qalmaqla səfər edə bilərlər. Bu imtiyaz hər 180 günlük müddət ərzində ümumilikdə 90 günü keçməməlidir.


SON XƏBƏRLƏR