Azərbaycan–Türkmənistan münasibətləri qədim tarixi köklərə, ortaq mədəniyyətə və strateji maraqlara əsaslanır.
Bu iki qardaş xalqı yalnız coğrafi yaxınlıq deyil, həm də ortaq etnik mənsubiyyət, dil və din birliyi, yüzillərlə davam edən dostluq və qardaşlıq əlaqələri birləşdirir. Tarixin müxtəlif mərhələlərində siyasi, iqtisadi və mədəni baxımdan sıx təmasda olmuş Azərbaycan və Türkmənistan müasir dövrdə də münasibətlərini yeni mərhələyə daşıyıb. Müstəqillikdən sonra bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, beynəlxalq platformalarda bir-birini dəstəkləyən, ortaq təşəbbüslərlə çıxış edən dövlətlərə çevriliblər.
Son illər baş verən intensiv siyasi dialoq, qarşılıqlı səfərlər və imzalanan sənədlər bu əlaqələrin nə qədər sağlam təmələ söykəndiyini sübut edir. Xüsusilə Türk Dövlətləri Təşkilatında (TDT) əməkdaşlıq, Xəzər dənizi üzərindən enerji və nəqliyyat əlaqələrinin inkişafı və regional sabitliyin qorunması baxımından Azərbaycan–Türkmənistan münasibətləri mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Tənzilə Rüstəmxanlı Bakıvaxtı.az-a açıqlamasında bu münasibətlərin tarixi, siyasi və mənəvi aspektlərini dəyərləndirib, Qarabağda aparılan bərpa prosesində Türkmənistanın roluna və iki ölkə arasındakı strateji əməkdaşlığın gələcək istiqamətlərinə dair fikirlərini bölüşüb.
Tənzilə Rüstəmxanlı Azərbaycan–Türkmənistan münasibətləri barədə danışarkən bu əlaqələrin dərin tarixi və mədəni əsaslara söykəndiyini bildirib.
"Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Türkmənlər Orta Asiya türkləri arasında milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın hesab olunur. Hər iki xalq türklərin oğuz boyundan sayılır. Hər iki xalqın milli qəhrəmanları, dastanları, dostları və düşmənləri eynidir".
Müsahibimiz SSRİ dövründə də əlaqələrin davam etdiyini xatırladıb:
"Tarix boyu müxtəlif coğrafi-siyasi reallıqlara baxmayaraq, Azərbaycan və Türkmənistan xalqları arasında əlaqələr heç zaman kəsilməyib. SSRİ dövründə hər iki respublika ittifaqın tərkibində idi və bu zaman iqtisadi və mədəni əlaqələr daha sistemli şəkildə inkişaf edirdi. Müstəqillik qazandıqdan sonra isə münasibətlər daha yüksək səviyyəyə qalxaraq, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Ölkə başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı hörmətə və bərabərhüquqluluğa əsaslanır".
Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı
Deputat qeyd edib ki, müstəqillikdən sonra münasibətlər yeni mərhələyə qədəm qoyub:
“Bu gün iki dövlət təkcə regionda deyil, beynəlxalq aləmdə də bir-birini dəstəkləyən tərəfdaşlardır.Müasir geosiyasi vəziyyətdə TDT regional sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat-logistika körpülərinin qurulması baxımından strateji platforma rolunu oynayır. Türkmənistanın müşahidəçi statusunda çıxış etməsinə baxmayaraq, bu təşkilat daxilində Azərbaycanla Türkmənistan arasında münasibətlər qarşılıqlı dəstək əsasında inkişaf edir”.
Deputat beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın möhkəm olduğunu vurğulayıb:
“Azərbaycan və Türkmənistan BMT, Qoşulmama Hərəkatı, İƏT və Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq edirlər. Türkmənistan bu təşkilatlarda müşahidəçi olsa da, Azərbaycanla olan münasibətlər qarşılıqlı dəstəyə əsaslanır".
Qarabağ məsələsinə toxunan deputat bildirib ki, Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək ilk türkmən liderdir. Bu, təkcə diplomatik deyil, mənəvi baxımdan da iki xalq arasında əlaqələrin möhkəmlənməsinin göstəricisidir.
"Bu da iki ölkə arasında münasibətlərdə yeni səhifələrdəndir. Azərbaycanın Qarabağda apardığı yenidənqurma və bərpa işlərində Türkmənistanın da töhfə verəcəyinə ümid edilir. Qurbanqulu Berdiməhəmmədovun Bakıya rəsmi səfəri Azərbaycan-Türkmənistan münasibətlərində yeni dinamizmin göstəricisidir. Səfərin əsas hədəfləri Xəzər dənizi üzərindən enerji və nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi, Transxəzər dəhlizi çərçivəsində koordinasiyanın gücləndirilməsi və Türk Dövlətləri Təşkilatında birliyin möhkəmləndirilməsidir".
Sonda Tənzilə Rüstəmxanlı münasibətlərin perspektivindən bəhs edib:
"Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması qaçılmazdır. Tarix, dil, mədəniyyət və mənəviyyat bağları ilə bir-birinə sıx bağlı olan bu iki xalqın münasibətləri yalnız bu günün deyil, sabahın da uğurlarını şərtləndirir".
Əli Hüseynov