Türkiyənin "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində məlumat sahibi qismində ifadəyə çağırılan tanınmış müğənni Gülben Ergenin prokurorluqda verdiyi ifadənin detalları açıqlanıb.
Bakıvaxtı.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Prokurorluğunda təxminən 35 dəqiqə ifadə verən Gülben Ergenə Haluk Levent və Oğuzhan Uğurla münasibətləri, zəlzələdən sonra keçirilən yardım kampaniyaları, dərnəyə etdiyi ianələr və qatıldığı xeyriyyə konsertləri barədə suallar ünvanlanıb.
Müğənni fevralın 6-dakı zəlzələlərdən əvvəl Haluk Levent və Oğuzhan Uğurla tanışlığının olmadığını bildirib. O, zəlzələdən sonra şəxsi hesabından AFAD, "Kızılay" və "Ahbap" Dərnəyinə müxtəlif məbləğlərdə ianələr göndərdiyini deyib.
Gülben Ergen ianələrin necə istifadə edildiyini araşdırmadığını və dərnəyin fəaliyyətinə nəzarət etmədiyini etiraf edib:
"Şəxsi olaraq heç bir sorğu aparmamışam. Bu məsələ ilə bağlı nə yoxlama, nə də araşdırma etmişəm".
Ergen Haluk Leventlə yaxın münasibətinin olmadığını, onunla yalnız zəlzələ dövründə keçirilən pulsuz konsert zamanı görüşdüyünü qeyd edib. Müğənni Qəzzaya yardım məqsədilə təşkil edilən konsertdən də qonorar almadığını bildirib. Bununla yanaşı, konsertdən əldə olunan gəlirin sonradan hara və hansı formada köçürüldüyünü bilmədiyini deyib.
Toplanan yardımların təyinatından kənar istifadə edilməsi ilə bağlı iddiaların onu narahat etdiyini bildirən Ergen bunları söyləyib:
"Özümü vicdanən narahat və zərərçəkən hiss edirəm".
Gülben Ergen "Ahbap" Dərnəyinə göndərdiyi ianələrlə bağlı şikayət etmək hüququnu da özündə saxladığını bildirib./Lent.az
Bakı 











