İsrail Müdafiə Qüvvələrinin iyunun 22-də İranın paytaxtı Tehrandakı Evin həbsxanasına zərbəsi nəticəsində 71 nəfər ölüb.
Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki, bunu məhkəmə hakimiyyətinin mətbuat katibi Əsgər Cahangir açıqlayıb.
“Rəsmi statistikaya görə, <…> Evində zərbə nəticəsində 71 nəfər ölüb”, – o bildirib. Nümayəndə vurğulayıb ki, ölənlər arasında inzibati heyətin əməkdaşları, müddətli əsgərlər, məhbuslar, məhbus ailələrinin üzvləri, həmçinin həbsxana ilə yanaşı evlərin sakinləri var.
Mətbuat katibi olayda xeyli sayda insanın yaralandığını desə də, onların sayını açıqlamayıb.
Qeyd edək ki, Tehranın şimalında yerləşən Evin həbsxanası İranın ən böyük penitensiar müəssisələrindən biridir. Həbsxana 1972-ci ildə təsis edilib. 1979-cu ildən əsasən siyasi məhbusların, insan hüquqları müdafiəçilərinin, jurnalistlərin və dövlət təhlükəsizliyi ilə bağlı ittiham olunan şəxslərin saxlanılması üçün istifadə olunur. Evin kobud rəftar, işgəncələr, habelə vəkillərə və tibbi yardıma çıxışın məhdudlaşdırılması barədə məlumatlar səbəbindən beynəlxalq insan hüquqları təşkilatları tərəfindən mütəmadi olaraq tənqid obyektinə çevrilir.