37-ci ildə aydınlarımıza böhtan atanların, vicdanlı adamları şərləyib həbs etdirənlərin nəvələri son günlər yaman fəallaşıblar. Onun-bunun qarşısında əyilməkdən tökülən saçlarına jele çəkib yenə məclislərin başına, tribunlara dırmaşırlar. Əllərində də hazır tezislər.
İndi də düşüblər sosial şəbəkələrin üstünə, təbii ki, yenə də kiminsə tapşırığı ilə. Axı, onlar avtomobillərini də icazə almamış yumurlar, yağ dəyişmək üçün də tezis gözləyirlər. Tədbirə geydikləri pencəklərin ciblərində hər zaman təzə tezis olur...
Bu günlərin tapşırığı məlumdur, sosial şəbəkələri tənzimləmək adı ilə təkliflər vermək. Ay nə bilim sosial şəbəkələrə girmək belə gəldi, çıxmaq elə getdi. Adamlar əməlli-başlı tər tökürlər. Mən başa düşmürəm, axı, niyə müdirə “girmək” olar, amma feysbuka yox? Növbətçi təklif verənlər danışmağa başlayanda bədənimdən bir gizilti keçir, bilirəm ki, hər yeni təklifin arxasında el dilində desək, “torba tikmək” məsələsi var. Bəzi insanlar xeyirxahlıq etmək üçün doğulmayıblar.
Nə etməli, görünür, onlar da nəvələrinə pal-paltarı belə “aktual təkliflərə” görə qazandıqları pullarla alırlar. Bu köşəni qaralayanda da nəvələri gəlib durur gözlərimin qabağında. Dəli şeytan deyir, bir-iki təklif də mən verim, qoy öz ideyaları kimi satsınlar müdirlərinə və 7-8 AZN də çox qazansınlar.
Deməli belə, təklif edirəm ki, aşağıdakı şəxslərin sosial şəbəkələrə girişi tənzimlənsin:
körpə vaxtı suçiçəyi çıxaranlar;
bitirdikləri orta məktəbin nömrələri tək rəqəmli olanlar;
ali məktəbdə oxuyarkən qızlarla kinoteatrda hind filmlərinə baxanlar;
əsgərlikdə general qızı sevənlər;
yeməyə duzu çox qatan xanımlar;
evdəki televizorda futbol izləyən bəylər;
qayınanası deyingən olanlar;
qayınatası nərd oynayanlar;
toyda “Yanıq Kərəmi” havasına rəqs edənlər;
İsveçrə ilə İsveçi səhv salanlar;
Moskvadakı “Qızıl Meydan”da fotoşəkili olanlar;
yayda xaş yeyənlər;
çimərlikdə dərində üzənlər;
gürcü xəngəlini çörəklə yeməyi adət edənlər;
ağ tum həvəskarları;
“Kiyevski kotleti” “Molotov kotleti” bilənlər;
müğənni Aynişanın bütün qonşuları;
kartofun hansı rayondan gətirilməsi ilə maraqlananlar;
Ağstafa limonunu Astara limonu adı ilə satanlar;
avtomobil sürərkən işığı yandırmadan sağa-sola dönənlər:
Hitlerin hələ də sağ olduğuna inananlar;
bələdiyyə sədrinin adını bilməyənlər;
çayı kəllə qəndlə içənlər;
evdə tutuquşu saxlayanlar.
Tezislə oturub-duranların işləri yaxşı getsin deyə bu təklifləri yazıb verdim. Bir yandan da narahatam, olmadı elə, oldu belə, təkliflərimin hamısı qəbul edildi. Əsl vur-çatlasın onda olacaq...