Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
"Nəzərinizə çatdırırıq ki, yeni təmayül tədris modeli 2024–2025-ci tədris ilindən etibarən pilot qaydada tətbiq edilir. Bu məzunların ali təhsil müəssisələrinə qəbul nəticələri təmayül tədrisinin səmərəliliyini əks etdirir", - məlumatda bildirlib və əlavə edilib ki, 10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, onların izafi əqli yüklənmələrinin qarşısını almaqdır.
Yeni model üzrə qəbulda 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri aşağıdakılardır:
Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
Səriştəli müəllim kollektivi;
Aylıq sınaq imtahanlarının təşkili;
Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
Ətraflı məlumat üçün aidiyyəti regional təhsil idarəsinə müraciət etmək olar.












